AZ

Anar Bağırov formal vəkilliklə bağlı yaranan nöqsanlardan danışdı

Noyabr ayının 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə Ümumrespublika Müşavirəsi keçirilib.
Kollegiyadan Manset.az-a verilən məlumata görə, müşavirədə ARVK Vəkillər Kollegiyası Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyalarının üzvləri, 120-dən çox Vəkil bürolarının rəhbərləri və fərdi vəkillər iştirak edib. Tədbirdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər müzakirə olunub. Müşavirəni giriş sözü ilə açan ARVK sədri Anar Bağırov iştirakçıları salamlayıb, onları qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətləri ilə təbrik edib. Sədr nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilib. Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar olaraq ARVK Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlər görülüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub. Sonra Anar Bağırov indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin diqqətinə çatdırıb. Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, bəzi vəkillər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən hüquqi yardım zamanı nöqsanlara yol verildiyini vurğulayıb.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.

Seçilən
26
4
manset.az

10Mənbələr