AZ

Alternativ enerjiyə keçid zərurəti

Qlobal fəlakətə qarşı “yaşıl” mübarizənin rolu

Media Təhlil Mərkəzi (MTM) Analitik Qrupunun məqaləsində bildirilir ki, iqlim dəyişiklikləri ilə mübarizə mövzusunda aparılan müzakirələr, habelə ənənəvi enerji resurslarının həcminin azalması dünyada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə zərurətini aktuallaşdırıb. Hazırda əksər dövlətlər bu sahələrə böyük investisiyalar yatırmaqla, habelə iqlim konvensiya və sazişləri çərçivəsində üzərlərinə öhdəliklər götürməklə, qalıq enerjidən istifadənin məhdudlaşdırılması istiqamətində məqsədyönlü strategiya həyata keçirirlər. Bu, həm də ənənəvi enerji resurslarının qlobal ekosistemə zərərləri ilə şərtlənir.

Məqalədə kömür, neft və təbii qaz kimi qalıq yanacaqlar qlobal istixana qazı emissiyalarının 75 faizindən çoxunu təşkil etdiyi bildirilir və bu enerji resurslarından istifadə nəticəsində atmosferə buraxılan karbon emissiyalarının həcminin artması və orta illik temperaturun ilbəil yüksəlməsi, ətraf mühitin deqradasiyası, təbii fəlakətlər, ekstremal hava hadisələri, qida və su çatışmazlığı, buzlaqların əriməsi, dəniz səviyyəsinin artımı və digər fəsadlarla müşayiət olunduğu qeyd olunur. Qalıq enerjidən geniş istifadə hər il milyardlarla ton karbon qazının atmosferə buraxılmasına səbəb olur.

Hesablamalara görə, 5 milyondan çox əhalisi olan dünya şəhərlərinin, təxminən, üçdə ikisi dəniz səviyyəsinin qalxması riski altında olan ərazilərdə yerləşir. Bundan əlavə, dünya əhalisinin təxminən 40 faizi sahil zolaqlarına 100 kilometrdən az məsafədə məskunlaşıb. Qlobal istiləşmə dünya ölkələrində iqtisadi artıma və kənd təsərrüfatına, insanların qida və su təhlükəsizliyinə mənfi təsir göstərir. Bu gün, təxminən, 500 milyon insan torpaq eroziyasına meyilli ərazilərdə yaşayır, istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının 30 faizə qədər itkilərə məruz qalır. Qlobal istiləşmə dünya ölkələrində yoxsulluğun səviyyəsinin artımının əsas səbəblərindən biridir.

Məqalədə Ümumdünya Meteorologiya Təşkilatının araşdırmalarına əsaslanılaraq bildirilir ki, hazırda təbii fəlakətlərin 90 faizə qədəri məhz hava və iqlimlə əlaqədar baş verir. Bu qlobal iqtisadiyyata ildə, təqribən, 500 milyard dollardan çox ziyan vurur, 26 milyon insanı yoxsulluğa sürükləyir. İqlim dəyişiklikləri, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Qlobal miqyasda torpaq, su və digər təbii ehtiyatlar uğrunda artan geosiyasi rəqabət bəzən hərbi qarşıdurmalara, daha çox insanın kütləvi köçünə rəvac verir. Hazırda Afrika və Latın Amerikasındakı quraqlıqlar siyasi iğtişaşların və zorakılıqların əsas səbəbləri sırasında qeyd edilir. Dünya Bankının hesabatında vurğulanır ki, əgər müvafiq tədbirlər görülməsə, 2050-ci ilə qədər Afrika, Latın Amerikası və Cənubi Asiyada 140 milyondan çox insan miqrasiya etməyə məcbur olacaq.

Qeyd edilənlər dünya ölkələrinin alternativ və bərpaolunan enerjiyə keçidinin sürətləndirilməsini zəruri edir. Hazırda dünya üzrə ümumi enerji istehsalında alternativ və bərpaolunan enerjinin payı cəmi 29 faiz təşkil edir və bu da qənaətbəxş sayıla bilməz. Bu enerji növlərinə keçid onların qlobal ekosistemə zərərsiz, eyni zamanda, bütün ölkələr üçün əlçatan olmaları ilə şərtlənir. Alternativ enerji təbii qaynaqlardan əldə olunur və hər zaman mövcuddur. Neft, qaz, daş kömür və digər ənənəvi enerji qaynaqları isə tükənir və zamanla ciddi qiymət dəyişikliyinə məruz qalır. Qalıq yanacaqlarının yenidən əmələ gəlməsi yüz milyonlarla il çəkir.

MTM Analitik Qrupunun məqaləsində daha sonra deyilir: “Elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üçün emissiyalar 2030-cu ilə qədər yarıya qədər azaldılmalı, 2050-ci ilədək sıfır emissiyaya enməlidir. Hazırda günəş, külək, dəniz və çaylar, geotermal sular, biokütlə, dalğa və hidrogen mühüm alternativ enerji mənbələri sayılır. Bərpaolunan enerji əksər ölkələr üçün daha ucuz alternativdir və çoxlu sayda çox iş yerinin yaradılmasına imkan verir. Məsələn, günəş enerjisi alternativ enerji resurslarının ən mühümüdür və ondan hətta buludlu havalarda da istifadə etmək mümkündür”.

Bildirilir ki, Azərbaycanda günəşli və küləkli günlərin, sulu çayların çoxluq təşkil etməsi alternativ və bərpaolunan enerjinin istehsalına yaxşı imkanlar açır. Bundan əlavə, öhdəliklərinə sadiq tərəfdaş olması ölkəmizə yaşıl enerji sahəsində investisiya qoyuluşlarına müsbət təsir göstərir. Respublikamızdakı əlverişli investisiya mühiti nəticəsində yeni alternativ enerji istehsalı müəssisələri sırf xarici investisiyalar hesabına inşa olunur.

Son illərdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətləri ilə sıx əməkdaşlıq nəticəsində inşa olunan külək və günəş elektrik stansiyaları bu baxımdan diqqət çəkir. Birgə uğurlu əməkdaşlıq enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədi daşıyır. Abşeron, Neftçala, Biləsuvar, Qaradağ rayonlarında inşa edilən günəş və külək elektrik stansiyaları 2030-cu ilə qədər Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının 30 faizə yüksəlməsini təmin edəcək. Reallaşdırılan layihələr ölkəmizin “yaşıl” gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına, ekoloji vəziyyətin yaxşılaşmasına əvəzsiz töhfələr verəcək.

Reallaşdırılacaq bu və digər layihələr Azərbaycanın yaxın illərdə “yaşıl” enerji sahəsində ciddi infrastrukturunun formalaşmasına, “yaşıl” enerjiyə keçid konsepsiyasını uğurla reallaşdırmasına imkan yaradacaq. Bütün bunlar, eyni zamanda, ölkədə ekoloji mühitin yaxşılaşdırılmasına, istilik elektrik stansiyalarının fəaliyyəti üçün sərf edilən mazut yanacağının və təbii qazın həcminin azalmasına imkan verəcək. Nəticədə, Azərbaycan Avropaya daha böyük həcmdə təbii neft-qaz ixrac etmək imkanı qazanacaq və gəlirlərini artıracaq.

Seçilən
40
3
xalqqazeti.az

4Mənbələr