AZ

Dünya dini liderlərinin qlobal Bakı Sammiti

Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb. 

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciətini oxuyub. 

COP29-un müəyyən edilmiş Prezidenti, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sammitin din və adətləri bir araya gətirməklə insanların vəhdət içində yaşamasına nail olmaq və planetimizin qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət daşımasına diqqət çəkib. 

M.Babayev qeyd edib ki, antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib. Bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq. Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. 

“Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır”, – deyə o əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos hər kəsin təbiətlə sülh içərisində yaşamalı olduğunu deyərək qeyd edib: “Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq. İqlim dəyişikliklərinin həlli qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biridir. Bununla mübarizə istiqamətində COP29 konfransı olduqca əhəmiyyətlidir”.

Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd ­Əbdülsalam dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını vurğulayaraq bildirib: “Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir. Ümumiyyətlə, biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir”.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın sözlərinə görə, qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir. “Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb”, – deyə Ali Erbaş əlavə edib. 

Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti hazırda dünyanın çox böyük fəlakətlərlə qarşı-qarşıya olduğunu söyləyərək qeyd edib: “Dini inanclarımız böyük gücdür. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb. İnsan ləyaqətlə yaşamalıdır. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik”. 

Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarla əlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov diqqətə çatdırıb ki, iqlim dəyişikliyinin mənfi fəsadları bütün bəşəriyyəti narahat edir. Bunun qarşısının alınması üçün ciddi addımların atılması bütün bəşəriyyət qarşısında duran vacib məsələdir. 

İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa isə çıxışında deyib: “Dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur”.

Tədbirdə, həmçinin Gürcüstan patriarx katolikosu II İliyanın müraciəti səsləndirilib. Katolikos müraciətində, həmçinin bildirib: “Dünya böyük bir evə çevrilib, bu evdə münaqişələr var. Bu, qlobal təhlükəsizliyə də təsirini göstərir. Biz hərbi qarşıdurmaların qarşısını almaq üçün xeyli müzakirələr aparmalıyıq. Ədalət yoxdursa, problemləri həll edə bilməyəcəyik. Bu, Allahın qarşımıza qoyduğu qanunlardır. Lakin real addımların atılması dövlət başçılarından asılıdır. Ümid edirəm ki, bu Sammit uğurlu olacaq və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək”.

Tədbirdə çıxış edən Əl-Əzhər Şeyxinin müavini, Əl-Əzhərin Böyük Üləmalar Heyətinin üzvü Mohammed Abdelrahman Muhamed EIDveny deyib: “COP29-un Azərbaycanda keçirilməsi olduqca önəmlidir. "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti də məhz COP29 çərçivəsindədir. Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar. Dövlətlər, beynəlxalq təşkilatlar bu istiqamətdə bir çox addım atıb”.

Açılış mərasimindən sonra Dünya dini liderlərinin qlobal Bakı Sammiti işini plenar iclaslarla davam etdirib. 

İclasda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı ­direktoru Rəvan Həsənov Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsinin qürurverici olduğuna diqqət çəkib.

 “Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir. İnanclarımız fərqli olsa da, planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyimiz sərhədləri aşır. Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və ­planetimiz bütün bəşəriyyət üçün ortaq ­miras olduğundan, dinlərarası dialoq ­vacibdir”, – deyə R.Həsənov vurğulayıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham Dayanıqlı İnkişaf Məqsədlərində dini icmaların rollarının xüsusi vurğulanmadığını bildirərək deyib: “G20 Dinlərarası Dialoq Forumunun məqsədi də kökündən dəyişməlidir. Biz bilirik ki, dini icmalar birlikdə işləyə bilsə, bu çətinliklərin qarışını ala bilərlər. Çünki onların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var”.

Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgə Yaşayış Nazirliyinin Baş direktoru Afra Əl Sabri Azərbaycanın tolerantlığın məkanı olduğunu bildirib. Deyib ki, burada belə bir körpü qurulması gözəl nümunədir. 

“COP29-da biz təkcə iqlim dəyişikliyi haqqında düşünməməliyik, onu hiss etməliyik. Bu, bizim ürəyimizdən gələn arzu olmalıdır. İnanıram ki, birlikdə fərq yarada, yeni nəsillərimizə ümid işığı bəxş edə bilərik”, – deyə o əlavə edib. 

Sammit işini “Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri”, “Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu”, “Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə”, “Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır” mövzuları ətrafında müzakirələrlə davam etdirib.  

Xatırladaq ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları – patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.

XQ

 

Seçilən
21
5
xalqqazeti.az

5Mənbələr