AZ

“Şahdəniz” üzrə əməliyyat xərcləri 2 faizdən çox artıb

2024-cü ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 1 milyard 780 milyon dollar əməliyyat xərcləri və təxminən 582 milyon dollar əsaslı xərclər çəkilib. Bu, ötən il ilə müqayisədə müvafiq olaraq 2,42 faiz artım və 10,87 faiz azalma deməkdir.

Fins.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Üçüncü rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.

Hesabata görə, bu ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından üçüncü quyunun işə salınması istiqamətində irəliləyib.

Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və “Azəri-Çıraq-Günəşli” sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.

Qeyd olunub ki, “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəldilib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.

Həmçinin üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İstiqlal qazma qurğusu şərq-şimal cinahında SDH02 quyusu və qərb-şimal cinahında SDF02 quyusu üzərində işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Fuad Mədətov
Fins.az

Seçilən
37
8
fins.az

9Mənbələr