AZ

“TRAMP MÜHARİBƏNİ 1 GÜNƏ BİTİRƏN DEYİL” – “Bu cür fürsətlər tarixdə 100 ildə bir olur”

“Keçmiş Prezident Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışı, həmçinin Respublikaçılar Partiyasının Konqresdəki uğuru daxili və xarici siyasətdə Tramp və onun komandası üçün böyük fürsətlər yaradır”.

Bunu “AzPolitika”-ya açıqlamasında ABŞ-də yaşayan azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus Tramp administrasiyasından regional siyasətdə gözləntilərini şərh edərkən bildirib.

“Amerikalılar, xaricdə olan müttəfiqlər, Çin və onun ətrafında birləşən rəqib ölkələr bunu tez bir zamanda hiss edəcəklər”, - o əlavə edib.

ABŞ-nin Cənubi Qafqaz siyasətinə gəldikdə, R.Yunus xatırladıb ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı ABŞ-yə Donald Tramp rəhbərlik edib: “Bu, vacib bir amil hesab olunmalıdır. Demokrat Co Bayden hakimiyyətdə olduğu 4 il ərzində anti-Azərbaycan hərəkətləri ilə heç bir uğur qazana bilmədi. Bura həm də Avropadakı siyasi mərkəzləri də aid edə bilərik. Düşünürəm ki, Azərbaycanda və Cənubi Qafqazda sabitlik axtaranlar bu fürsəti qaçırmamalı, Donlald Trampın 4 illik hakimiyyyət müddətini səmərəli istifadə etməlidirlər. Tarixə nəzər salsaq, 100 il sonra regionumuzda daimi sülhə və əmin-amanlığa nail olmaq şansı var. Bu cür fürsətlər tarixdə 100 ildə bir olur. Ümid edirəm ki, bu düzgün qiymətləndiriləcək”.

Donald Trampın administrasiyasının Rusiya - Ukrayna savaşı ilə bağlı mövqeyinə gəlincə, təhlilçi hesab edir ki, seçkiqabağı ritorika ilə real siyasət arasında 50 faizlik bir fərq olacaq. “Tramp bir günə bu müharibəni bitirən deyil. Amma Trampın siyasəti Co Bayden administrasiyasının siyasətindən fərqlənəcək. Hesab etmirəm ki, NATO və Avropa İttifaqı ilə münasibətlər kəsiləcək. Ola bilər ki, müəyyən razılığa gələcəklər. Çünki həm Avropa İttifaqı, həm də NATO anlayır ki, Amerikasız Çin və Rusiya ilə rəqabətə dözə bilməzlər. Ona görə də Ukraynadakı savaşla bağlı Vaşinqtonla Brüssel arasında sövdələşmə olacaq. Çox güman ki, bu, Ukraynanın daha çox ziyanına işləyəcək. Rusiya bundan nə qazanacaq? Bu isə ABŞ ilə Çin arasında olan sövdələşmədən asılıdır”, - Ramiz Yunus vurğulayıb.

Elvin

“AzPolitika.info”

Seçilən
35
azpolitika.info

1Mənbələr