AZ

Qırğızıstan COP29-da dağ gündəliyi üzrə yüksək səviyyəli görüş keçirməyə hazırlaşır

Qırğızıstan COP29-da dağ gündəliyi üzrə yüksək səviyyəli görüş keçirməyə hazırlaşır.

Olaylar xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü zamanı çıxışında bildirib.

"Qırğızıstan beynəlxalq arenada dağlıq bölgələrlə bağlı gündəliyi və təşəbbüsləri fəal şəkildə irəlilətməkdədir. Bu istiqamətdə beynəlxalq platformalarda birgə fəaliyyət təklif edirik. Bu kontekstdə Qırğızıstanın təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi "Dağların Dayanıqlı İnkişafı" qətnaməsini qeyd etmək istərdim. Qətnaməyə əsasən, 2023-2027-ci illər Dağlıq Bölgələrin İnkişafı üzrə Fəaliyyətlərin Beşilliyi elan edilib. Biz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinə Dağlar və İqlim Dəyişikliyi üzrə illik dialoq təklif edirik. Bununla əlaqədar olaraq, qardaş türk ölkələrini Bakı şəhərində keçiriləcək COP29 Konfransında bu dialoqun institusionallaşdırılması təşəbbüsünü dəstəkləməyə çağırırıq", - o bildirib.

Onun sözlərinə görə, Konfrans çərçivəsində Qırğızıstan "Dağ gündəminin təşviqi və dağlar və iqlim dəyişikliyi məsələlərinin BMT-nin İqlim Dəyişikliyi çərçivə konvensiyasına daxil edilməsi" mövzusunda yüksək səviyyəli görüş keçirəcək.

"Ölkələrimizin iqlim gündəliyi üzrə mövqelərinin uyğunluğunu nəzərə alaraq, bu yüksək səviyyəli görüşdə iştirak etməyinizi xahiş edirik. Bundan əlavə, qardaş ölkələrin, Qırğızıstan tərəfindən irəli sürülən "Türk Yaşıl Baxışı: Dayanıqlı Gələcək üçün Birlik" konseptual sənədinin həyata keçirilməsində dəstəklərinə ümid edirik", - S.Japarov vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
8
olaylar.az

4Mənbələr