Ötən gün paytaxtda “BakuBus” MMC-yə məxsus 125 nömrəli avtobusun sürücüsü ilə sərnişinlər arasında narazılıq yaranıb.
News365.az xəbər verir ki, sənişinlə sürücü arasında mübahisə düşdükdən sonra sürücü avtobusu kənara çəkib. O, sərnişinlərə avtobusu tərk etməli olduqlarını bildirib və nəqliyyat vasitəsinin nasaz olduğunu deyib.
“BakuBus” MMC-dən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı daxili araşdırma aparılıb: “BakuBus” MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99JU719 dövlət qeydiyyat nömrəli avtobusda yaranan texniki nasazlıq nəticəsində xoşagəlməz hadisə baş verib.
Avtobusun sürətlər qutusunda nasazlıq baş verdiyindən sürücü avtobusu dayandırmaq məcburiyyətində qalıb və dərhal Monitorinq Mərkəzinə məlumat verib. Lakin bu anda bəzi sərnişinlər avtobusun yoluna davam etməsini tələb edib, nəticədə sürücü ilə sərnişinlər arasında anlaşılmazlıq və konflikt yaranıb. Videomüşahidələrdən məlum olub ki, sürücü sərnişinlərə qarşı kobud davranış nümayiş etdirib. Avtobusu idarə edən sürücü - Əliağayev Məmmədağa Balaağa oğluna nizam-intizam qaydalarına uyğun olaraq inzibati tənbeh verilib”.