AZ

Litva hərbi təlimlərə BAŞLADI – Noyabrın 20-dək…

Noyabrın 6-da Litvada “Güclü İradə – 2024” (“Stipri Valia 2024”) beynəlxalq komanda-qərargah təlimi başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb .

Bildirilir ki, noyabrın 20-dək davam edəcək təlim Kaunas və Litvanın cənub-şərqində, Belarusla sərhədə yaxın ərazidə əvvəlcədən müəyyən edilmiş hərbi və mülki ərazilərdə keçiriləcək.

Quru Qoşunları Komandanlığının qərargahı tərəfindən təşkil olunan təlimin əsas məqsədi irimiqyaslı müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi üçün tabeliyində olan bölmələrin hazırlığının yoxlanılması, NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyət, döyüşə dəstək bölmələrinin inteqrasiyası və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsidir.

Təlimdə iştirak edən qoşunlar ordunun döyüş idarəçiliyi informasiya sistemindən istifadə etməklə müdafiə əməliyyatlarını planlaşdırıb həyata keçirəcək. Təlimlərdə ümumilikdə 400-dən çox hərbi texnika ilə hərbi qulluqçu iştirak edəcək.

Ordu xəbərdarlıq edir ki, Litvanın cənub-şərqində keçirilən təlimlər zamanı gündüz və qaranlıq saatlarda hərbi texnika və maşınların hərəkəti artırıla bilər.

Xatırladaq ki, NATO-nun ən böyük artilleriya təlimləri bazar ertəsi Finlandiya Laplandiyasında başlayıb. Ötən həftə sonu Birləşmiş Ştatlar müttəfiqləri və NATO tərəfdaşları ilə təlimlərdə iştirak edəcək strateji bombardmançılarının Avropaya təhvil verildiyini elan edib.

Nəsimi Ələsgərli

Seçilən
23
yenicag.az

1Mənbələr