AZ

Ermənistan Rusiyanı bu danışıqlardan da çıxarmaq istəyir...

Image

Elşad Musayev: “Erməni nazirin dedikləri o deməkdir ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmirlər”

“Son dövrlərdə, demək olar ki, bütün sahələrdə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesi ikitərəfli formatda həyata keçirilir”. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan danışıb. 

“Kommunikasiyaların açılması məsələsinin həlli Rusiyanın iştirakı olmadan, ikitərəfli formatda mümkündürmü” sualına Papoyan belə cavab verib: “İkitərəfli format özünü doğruldur və artıq nəticələrini verməkdədir. Ən azı 1 nəticə var (ikitərəfli formatda). Digər formatlara gəlincə, nəzərə almaq lazımdır ki, üçüncü tərəf istəsə də, istəməsə də öz maraqları olan müzakirələrdə iştirak edəcək. Siz indi konkret bir ölkənin adını çəkirsiniz, amma mən deyirəm ki, istənilən ölkə belə edərdi. Deyilənlərin mahiyyəti ondan ibarətdir ki, ikitərəfli format effektivliyini nümayiş etdirib, ona görə də biz eyni formatda işi davam etdirməyə çalışmalıyıq”.

Burada diqqəti çəkən məqam odur ki, Ermənistan bütün vasitələrlə kommunikasiyaların açılmasında üçüncü tərəfin iştirakını, nəzarətini istisna edir. Bu isə 10 noyabr 2020-ci il razılaşmasının 9-cu bəndinin rəsmən inkarıdır. Orada Zəngəzurdan keçəcək dəhlizə Rusiya FTX-nin sərhəd qüvvələrinin nəzarət edəcəyi öz əksini tapıb.

“Hesab edirəm ki, Azərbaycanın bir ərazisindən başqa ərazisinə keçmək üçün heç bir vasitəçi olmamalıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayevin fikrincə, erməni rəsmiləri müxtəlif cür mövqe sərgiləyir: “Bir nazir belə deyir, o birisi ölkə rəsmisi başqa cür danışır. Biri deyir Fransa, o birisi deyir Birləşmiş Ştatlar vasitəçi olsun. Bir başqası ikitərəfli danışıqların önəmini vurğulayır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, Ermənistanla danışıqlar vasitəçilərsiz olmalıdır. Çünki vasitəçi dövlətlərin öz maraqları var və bunu erməni nazir də etiraf edir. Azərbaycanda da müxtəlif qütblərdə olan adamlar var. Bir qisim Qərbin bu prosesdə iştirakını vacib hesab edir. Bir qisim Rusiyanın prosesdə iştirakını istəyir. Əsasən də 10 noyabr 2020-ci il razılaşmasına istinad edirlər. Ancaq birdəfəlik bilməliyik ki, prosesdə iştirak edən ölkə mütləq öz maraqlarını ortaya qoyacaq. Ona görə də Azərbaycanın marağındadır ki, vasitəçilərsiz sülh sazişi imzalansın, zorla qoparılan ərazilərimiz geri qaytarılsın və Zəngəzur dəhlizi açılsın. Azərbaycanın Naxçıvanla, Türkiyə ilə nəqliyyat və kommunikasiya əlaqələri təmin edilsin. Burda da hansısa bir vasitəçiyə ehtiyac yoxdur. Erməni nazirin dedikləri o deməkdir ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmirlər. Bu bizim də maraqlarımıza cavab verir. Hesab edirəm ki, Azərbaycanın bir ərazisindən başqa ərazisinə keçmək üçün heç bir vasitəçi olmamalıdır. Nə olsun ki, üçtərəfli razılaşmanın 9-cu bəndində Rusiya FTX-si ilə bağlı məqam var? Ona görə biz buna mütləq yanaşmamalıyıq. Sülh sazişi imzalanacaqsa, yolun təhlükəsizliyinə qarşı tərəf zəmanət verəcək”.

Vidadi ORDAHALLI





Seçilən
31
baki-xeber.com

1Mənbələr