AZ

Şiddətli qaşıntı ilə gələn BƏLA

Xəbər verdiyimiz kimi, Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində bir neçə uşaq qotur xəstəliyinə yoluxub və xəstəxanaya yerləşdirilib.

Sosial Xidmətlər Agentliyindən saytımıza bildirilib ki, 5 uşaqda qotur xəstəliyi aşkarlanıb və müayinə, müalicə edilərək müəssisəyə qaytarılıb.

Bəs qotur xəstəliyinə necə, hansı müddətdə yoluxma mümkündür və müalicəsi necə aparılır?

Yaranan suallarla bağlı Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis, professor Adil Qeybulla deyib ki, xəstəliyin ağırlaşma halları da mümkündür:

“Qoturluq parazitar xəstəlikdir, qoturluq gənəsi ilə yayılır. Gənə dəriyə daxil olur, onun dəri üzərində giriş-çıxış nöqtələri olur və dərinin içinə bir santimetr civarında yol gedir ki, bu da qoturluq yolu adlanır. Gənənin giriş və çıxış yerləri qara nöqtə şəklindədir, həmin dəri üzərində qaşınmadan müxtəlif izlər əmələ gəlir. Adətən, xəstəliyə xəstə adamın əşyalarına toxunmaqla və s. yollarla yoluxmaq mümkündür.

Xəstəlik yoluxduğu 6 həftə müddətində onun gizli dövrüdür, sonra xəstəlik özünü göstərir. Xəstəlik nə qədər erkən müalicə olunsa, o qədər yaxşı nəticələr verir. Amma gənə daxili orqanlara keçdikdə ağırlaşa bilər”.

Həkimin sözlərinə görə, bu cür xəstəliklərin yayılması gigiyenik qaydalara əməl olunmamasından yaranır:

“Hətta tək-tək epizodlar olsa belə bunu zamanında lokallaşdırmaq lazımdır. Xəstəxanalarda mütəmadi dezinfeksiya işləri aparmaq lazımdır, sterillik qaydaları dəqiq gözlənilməlidir. Uşaqlar arasında qoturluğun yayılması təmas vasitəsilə mümkündür. Bu təmasları məhdudlaşdırmaq lazımdır, xəstənin bütün paltarları soyundurulub götürülməli, onun bədəni qoturluq əleyhinə lasyonlarla təmizlənməli, bir həftə, 10 gün ərzində bu şəkildə aparılmalıdır. Xəstənin ilkin paltarları mütləq ya qaynadılmalı, ya da qapalı, oksigen olmayan yerdə saxlanılmalıdır ki, gənələr orada məhv olsun. Ondan sonra yumaq lazımdır. Xəstəliyin aşkar olunduğu yerlər dezinfeksiya edilməlidir”.

Bəzi xəstəliklərin müəyyən dövr ərzində orqanizmdə gizli getdiyini nəzərə alaraq, uşaq evlərində uşaqların nə qədər müddətdən bir tibbi müayinədən keçdiyini öyrənmək üçün Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlamışıq.

Seçilən
5
1
news24.az

2Mənbələr