AZ

Elmar Baxşıyev: “Hamı bizi aşağı pillələrdə görürdü”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təxirə salınmış oyun bu gün baş tutub və Naxçıvan təmsilçisinin 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxsıyev matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlədiyimiz kimi, ağır keçdi. Hər iki komanda meydanda yaxşı mübarizə apardı, dinamika yüksək idi. Komandamı qələbə münasibəti ilə təbrik edirəm.

Yolumuza davam edirik. Qarşıdakı oyunu düşünürük. Zədəli futbolçularımız da komandaya qoşulduqdan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik.

Heç bir komandaya qarşı “ikinci nömrə” ilə oynamağı düşünmürük. Öz oyun üslubumuz var, onun üzərində dayanmışıq.

Birinci hissədə bəzi epizodlarda rəqib, bəzilərində biz üstünlük qazanırdıq. İkinci hissədə kreativliyi artırdıq və hücumda daha üstün olduq.

Mövsümün əvvəlində əksiyyət bizi aşağı pillələrdə görürdü. Amma bu, komandanın maksimumu deyil. Bu gün mövsümün sonunu və ya avrokuboklarda oynamağı deyil, hər həftə keçirəcəyimiz oyunları düşünürük. Mövsümün sonunda buna nail olacağıqsa, sevinərik”.

“Bu il standart vəziyyətlərdən çox qollar buraxmışıq” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Turnir cədvəlini nəzərə alsaq, olduqca vacib matç idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı gedirdi. Birinci hissədə üstünlük biz tərəfdə idi. Rəqib daha çox oyunu əks-hücumlar üzərində qurmuşdu. Bir neçə təhlükəli hücumumuz oldu, amma rəqibin müdafiə xəttini yara bilmirdik. Mənə məlum olmayan səbəbdən ikinci yarıya çox passiv başladıq. Həmin dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Ondan sonra yenə üstünlüyü ələ aldıq, çoxsaylı hücumlarımız oldu. Dirəkdən dönən topumuz var. Təəssüf ki, hesabı bərabərləşdirə və ya qələbə qazana bilmədik. Çox vacib oyunda məğlub olduq. Üç gün sonra “Qarabağ”la səfər matçımız var. Ona hazırlaşacağıq.

Koamndamızda potensial var. Amma bəzi epizodlarda konsentrasiya itkisi olur. Xüsusilə də bu il standart vəziyyətlərdən çox qollar buraxmışıq. “Zirə”də olduğum 4 ildə belə vəziyyətlərdən az qol buraxırdıq. Həftənin bir gününü standart vəziyyətlərə həsr edirik”.

Seçilən
23
arena.az

1Mənbələr