AZ

Bayraq tariximiz, şərəfimiz və namusumuzdur!

Rüstəm Nağıyev,                                                                                                    

YAP Gədəbəy rayon təşkilatının sədri

Ali Baş Komandanımız, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”. Bu gün qürurumuz, şərəfimiz olan bayrağımız daha əzəmətlə dalğalanır. Bayrağın 30 il işğalda qalan torpaqlarda dalğalanmasından qürur yaşadacaq ayrı nə ola bilər ki? Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır. Hər bir dövlətin bayrağı onun milli kimliyinin və milli ideologiyasının ifadəsidir. Bayraq elə bir atributdur ki, o, özündə millətin dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını təcəssüm etdirir.

Bu ali dəyərdə xalq öz tarixini yaşadır , bu gününü görür, gələcəyini müəyyənləşdirir. Dünənini, bu gününü, sabahını bilən xalq kimi bizim də simvolumuz, and yerimiz üçrəngli bayrağımızdır. Azərbaycan bayrağı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bu ali siyasi iradənin təcəssümü olan tarixi təşəbbüs kimi çox qiymətlidir. Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikrinə diqqət yetirək.  “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Bəziləri üçün bayraq sadəcə üç rəngdən ibarət dövlət rəmzi olsa da, milli bayrağın müqəddəsliyi, aliliyi, mənəvi yükü, mahiyyəti onun rənglərindəki mənəvi-ideoloji mənası ilə bağlıdır. Ona görə də, bayrağa sıradan rənglərin təsadüfi birləşimi kimi baxmaq doğru deyil. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəngi isə İslamı tərənnüm edir. Qırmız üzərindəki ay-ulduz isə bayrağa Osmanlı İmperatorluğunun bayrağından keçdiyi, yaxud 8 oğuz tayfasının birləşməsindən yarandığı bildirilir. Bir dövlət rəmzi olan bayraq öz simasında bu qədər mənanın harmoniyasını daşıyıb canlandırır. And yerimiz bayrağımızda yer alan göy rəngin türklüyü ifadə etməsinin həm ideoloji, həm də böyük mənəvi anlamı var. Bu rəng qədim türklərdə mövcud olan Tanrıçılıq ( tək Allahlılıq) dini ilə bağlıdır. Bildiyiniz kimi, qədim türklər Tanrıya “Göy Tanrı”  deyə müraciət edirdilər. Ulu babalarımız olan bu türklər səmanın rəngini bildirdiyi üçün göy rəngi müqəddəs hesab edirdilər.

Ona görə də, mavi rəng türklüyümüzün rəmzi kimi bayrağımıza daxil edilib. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Seçilən
2
2
yeniazerbaycan.com

3Mənbələr