AZ

Nazirlik yanında İctimai Şura sədri: Bakı yaşıllıq və kəskin su qıtlığı problemi yaşayır - MÜSAHİBƏ

Modern.az saytı nazirliklər yanında İctimai şuraların sədrləri ilə silsilə müsahibələrə davam edir.

Budəfəki müsahibimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctmai Şuranın sədri Amin Məmmədovdur.


- Müşahidələr göstərir ki, Azərbaycanda ictimai şuralara birmənalı münasibət yoxdur. Bu da ondan irəli gəlir ki, nazirlik və ya komitə yanında yaradılan ictimai şuralar daha çox həmin qurumun müdafiəçisi qismində çıxış edir. Siz bununla bağlı nə deyə bilərsiniz? İctimai şuralar necə işləməlidir ki, ictimai nüfuz qazana bilsin?
 

- Azərbaycanda "İctimai iştirakçılıq haqqında" Qanun və ictimai iştirakçılığın prinsipləri ilə bağlı məlumatlılıq çox aşağı səviyyədədir. Çünki cəmiyyət hələ tam olaraq dövlət qurumlarının hansının nəyə cavabdeh olduğu, ictimaiyyətin dövlət qurumu ilə necə əməkdaşlıq qurması və ictimaiyyətin qərarvermə proseslərində iştirakı barədə tam maarifləndirilməyib. İctimai iştirakçılıq tələb edirdi ki, ictimai birliklər, qeyri-hökumət təşkilatları bu prosesə cəlb olunsun. Ölkəmizdə QHT-lər 1990-cı illərin ortalarından yaranmağa başlayıb. Azərbaycanda müxtəlif profilli QHT-lər var, amma onların əksəriyyəti formal olaraq mövcuddur, real bir layihələri, fəaliyyətləri yoxdur. Fəal olan QHT-lər bu prosesə cəlb olunur. İctimai şuralara seçkilər keçirilən zaman fəal QHT-lər üzv olmaları üçün öz namizədlərini irəli sürürlər. Amma son illər seçkilər zamanı bir çox QHT nümayəndələri birdən çox İctimai Şuraya üzv olur, yaxud öz sahəsinə aid olmayan şurada təmsil olunur.
İctimaiyyət arasında hazırda geniş maarifləndirmə işi aparılır ki, ictimai nəzarətin nə olduğu tam anlaşılsın. Bu zaman şura üzvlüyünə namizəd olan şəxs düşünməlidir ki, mənim burada faydam olacaqmı? Suala cavab verdikdən sonra bu addımı atmalıdır.
Təmsil etdiyim Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuradan misal gətirim, burada humanitar sahələrin mütəxəssisləri və humanitar sahədə fəaliyyət göstərən QHT üzvlərinin bir neçəsinin olması qəbulediləndir. Yəni 13 nəfərlik şurada 2-3 nəfərin olması mümkündür. Amma burada daha çox arzuolunandır ki, şura üzvlərinin 80%-i ekologiyaya aidiyyatı olan, ətraf-mühit sahəsində təhsili və bacarığa malik insanlar olsunlar. Ona görə də düşünürəm ki, sözügedən sahənin inkişafı üçün zaman lazımdır. Hökumət tərəfindən də bunu təmin etmək üçün müvafiq qanunvericilik artıq mövcuddur. Zərurət olarsa, gələcəkdə ona dəyişikliklər də edilə bilər. 
 

- Sizin İctimai Şura işini necə qurub? İctimai Şuranın fəaliyyətində prioritet istiqamətlər nələrdir?
 

- ETSN yanında İctimai Şura 2010-cu ildən mövcuddur. Əvvəlki tərkibdə də çoxlu sayda fəal QHT nümayəndələri təmsil olunmuşdu. Son 6 ildə, xüsusilə də cənab Muxtar Babayev nazir təyin olunandan sonra çox böyük islahatlar aparılıb və yeni işlər görülüb. Bu nöqteyi-nəzərdən İctimai Şuranın fəaliyyətinə də bir növ yenidən baxılıb. ETSN ilə İctimai Şura arasında əməkdaşlığa xüsusi önəm verilir. 2019-cu ildən formalaşan yeni tərkibdə mən də təmsil olunmağa başladım. 2 il sədr müavini kimi fəaliyyət göstərdikdən sonra növbəti 2 tərkibdir ki, sədr kimi fəaliyyət göstərirəm.
İctimai Şura olaraq biz işimizi maksimal dərəcədə nazirliklə ictimaiyyət arasında körpü rolunu oynamaq və əməkdaşlığı gücləndirmək istiqamətində qurmuşuq. Ətraf mühit məsələləri elədir ki, daim vətəndaşların diqqətindədir. O baxımdan da biz nazirliklə əməkdaşlıq edərkən ETSN-nin fəaliyyətini diqqətlə izləməyə çalışırıq və eyni zamanda qurumun vətəndaş cəmiyyəti ilə də işində əlaqələndirici və köməkçi kimi əlimizdən gələni edirik. Bu nöqteti-nəzərdən biz şuranın reqlamentini müəyyən etmişik. Buna uyğun fəaliyyət planlarımızı hazırlayırıq və onun əsasında da şura üzvləri ilə canlı, yaxud onlayn formatda iclaslar keçiririk. İstər gələcək 2 il üçün fəaliyyətlərimizi, istərsə də cari məsələləri və gözlənilmədən yaranan problemləri müzakirə edərək nazirliyə təkliflər verir və dəstəyimizi göstərməyə çalışırıq.
 


- Nazirliyin fəaliyyətinə ictimai nəzarət həyata keçirə bilirsinizmi? Nazirlik sizin şuranın rəyini nəzərə alırmı?

 

- ETSN bu sahədə çox tədbirlər həyata keçirir. Cənab nazir tərəfindən göstəriş verilib ki, bütün tədbirlərə İctimai Şuranın nümayəndələri mütləq şəkildə dəvət edilsin. İstər nazirlik tərəfindən təşkil edilmiş sadə ağacəkmə kampaniyası olsun, istərsə də hansısa mühüm layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə ictimai müzakirə olsun, bunların hamısında şura üzvləri iştirak edirlər. Bu artıq nazirliyin şəffaf işləmək üzrə təşəbbüsünün göstəricisidir. Nazirlik maksimum çalışır ki, heç bir fəaliyyəti diqqətdən kənarda qalmasın. O nöqteyi-nəzərdən də bizim özümüzün nəzarəti həyata keçirməyi tələb etməyimizə ehtiyac olmur. Nazirlik daim bizə məlumat ötürür. Mühüm tədbirlərə, idarə rəisləri və şöbə müdirləri ilə keçirilən iclaslara belə şura sədri və üzvləri dəvət edilir. Bu da bizə nəzarəti həyata keçirməyə şərait yaradır.
 

- İctimai şuraların əsas vəzifələrindən biri də vətəndaşlarla sıx əməkdaşlıq etməkdir. Sizin İctimai Şura vətəndaşlarla necə əməkdaşlıq edir? Vətəndaşlardan sizə müraciət daxil olurmu və onlar əsasən nə ilə bağlıdır?


- İctimai şura olaraq biz sosial şəbəkələrdən maksimum istifadə etməyə çalışırıq. İndi əhalinin böyük hissəsi kütləvi informasiya vasitələrindən daha çox sosial şəbəkələrdən informasiya əldə edir. Bizim şuramızın da Facebook səhifəsi çox aktivdir. Biz bu şəbəkədə Bakıdan, regionlardan, QHT-lərdən müraciətlər alırıq. Şura üzvləri olaraq bunları nəzərdən keçiriririk. Müəyyən məsələlərlə bağlı nazirliyə məlumat verir, bəzi məsələlərlə bağlı ictimaiyyətlə əlaqə yaradıb hadisənin araşdırılması üçün çalışırıq. Bu formada da biz maksimum əlimizdən gələni edirik ki, vətəndaşların İctimai Şuradan gözləntiləri aşağı olmasın. Bu bir az fiziki olaraq çətin olur. İctimai Şuranın 13 üzvü var, amma  ölkənin hər yerində ekoloji problemlər nəzərə çarpır. Gücümüz çatdığı qədər ən vacib məsələləri Nazirliyə çatdıraq.
 

- Hansısa vacib məsələ ilə bağlı sosioloji sorğu və ictimai dinləmə keçirmisinizmi?
 

- İctimai dinləmə əsasən nazirlik tərəfindən həyata keçirilir. Müxtəlif tikinti layihələri, yaşayış komplekslərinin inşasının ətraf mühitə təsiri ilə bağlı məsələlər nazirliyin özünün tabeliyində olan Dövlət Ekoloji Agentliyində müzakirə olunur. O müzakirələrə media nümayəndələriŞ həmçinin İctimai Şura üzvləri, bəzən hətta şura üzvü olmayan mütəxəssislər də fərdi şəkildə dəvət olunur. Şura üzvləri özləri də hansısa QHT-nin sədri, yaxud nümayəndəsidir. O təşkilatlar özləri də ayrı-ayrılıqda araşdırmalar və sosial sorğular aparır. Biz də onlardan istifadə edirik. Ümumilikdə ictimaiyyətə açıq olan sosial sorğuların nəticələrinə rast gəldikdə, onu əldə etməyə çalışırıq.
 

- İctimai şuraların əsas şikayət etdikləri məsələlərdən biri də maliyyə problemilə bağlı olur. ETSN yanında İctimai Şurada bununla bağlı vəziyyət necədir?
 

- Maliyyə ilə bağlı çətinlik tək mənim təmsil etdiyim deyil, ümumilikdə ölkə üzrə bütün dövlət qurumlarının yanındakı İctimai şuralarda var. Hesab edirəm ki, bu məsələ qanunvericiliklə tənzimlənməlidir. İctimai Şura hansısa fəaliyyət həyata keçirirsə və dövlət qurumu onun illik büdcəsi üçün maliyyə ayırırsa, bu, dövlət büdcəsində hansısa kateqoriya üzrə göstərilməlidir. "İctimai iştirakçılıq haqqında" Qanun mövcuddur, amma İctimai şuraların resurslarla və maliyyə dəstəyi ilə necə təmin olunması hələ qanunla müəyyən edilməyib. Dövlət qurumları özləri İctimai şuralara dəstək olmaq istəsələr belə, qanunda bununla bağlı maddə mövcud deyil. Əminəm ki, yeni seçilmiş Milli Məclisin komitələrindən biri bununla bağlı məsələ qaldıracaq. İnanıram ki, qanun layihəsi təşəbbüsü olacaq. Qanun layihəsində bu məsəçlə təsbit edilsə, bütün İctimai şuralara öz təsirini göstərəcək.
 

- COP29-la bağlı hansı tədbirlər həyata keçirmisiniz? ETSN yanında İctimai Şura COP29 beynəlxalq tədbirinə hazırdırmı?
 

- Keçən ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də ETSN yanında İctimai Şuranın nümayəndələri kimi biz də iştirak etmişdik. COP29 Təşkilat Komitəsinə QHT nümayəndələri də daxil edilib. İctimai Şuranın üzvlərindən biri də həmin təşkilat komitəsinin üzvüdür. Nazirlik özü COP29 ilə əlaqədar İctimai Şura ilə əməkdaşlıq edir. İctimai Şura üzvləri ilə təşkilat komitəsinin üzvləri olan nazir müavininin və deputat Nigar Arpadarainin görüşü olub. Tədbirlə bağlı şura üzvlərinin təklifləri dinlənilib. COP29 keçiriləcək günlərdə də şura üzvləri sessiyaların bəzilərində iştirak edəcək. Əsasən yaşıl zonada şura üzvlərinin iştirakı təmin olunacaq. Mavi zonada da müəyyən üzvlər təsdiqlənmiş tədbirlərdə iştirak edəcəklər. COP29-a qədər keçirilən müxtəlif yerli və beynəlxalq tədbirlərdə də şura üzvləri fəal şəkildə iştirak edir. Şəxsən mən özüm 2024-cü ilin may ayında BMT-nin Keniyada təşkil edilən “Vətəndaş Cəmiyyəti Forumu”nda iştirak etmişəm. Orada COP məsələləri də qaldırılmışdı. Bir ay bundan qabaq da Nyu-Yorkda “Gələcəyim sammiti” keçirildi. Mən sammitdə həm vətəndaş cəmiyyəti adından, həm də İctimai Şura adından iştirak etdim. Sammitdə COP29-a diqqətin böyük olduğunun şahidi oldum. Azərbaycanı istəməyən qüvvələr tənqidi fikirlər səsləndirməyə çalışsa da,  əksəriyyət Azərbaycanı beynəlxalq müsbət imicini olan ölkə kimi qəbul edir. Hiss olunur ki, COP29-la bağlı ümidlər böyükdür.
 

- Bakıda hansı ekoloji problemlər var? İctimai Şuraya bununla bağlı şikayətlər gəlib?
 

- Bakı ölkə ərazisinin kiçik bir ərazisini təşkil etsə də, əhalinin 40%-ə yaxını və iqtisadiyyatın da 70%-dən çoxu paytaxtdadır. 100 ildən çoxdur davam edən neftçıxarma bu ərazinin torpaqlarına öz təsirini göstərib. Həmçinin,  Bakı yaşıllıq baxımından da kasad bir ərazidir. Bakıda su qıtlığı da kəskin problemlərdən biridir. Əhalinin sayının kəskin artması və tələbatın çoxalmasına görə, su mənbələri də azalır. Bu məsələlər hamısı cəmiyyəti narahat edir. Biz də Bakının ekoloji problemləri ilə bağlı daim nazirliklə öz fikrimizi bölüşürük. Nazirliyin bu istiqamətdə gördüyü bütün işlərə maksimum töhfə verməyə və dəstək olmağa, həmçinin ictimaiyyəti narahat edən məsələləri nazirliyə çatdırmağa çalışırıq.
 

- Azərbaycanda adambaşına düşən meşə sahələrinin normadan 4 dəfə az olduğu bildirilir. Bu sahədə hansı işlər görülməlidir?
 

- Azərbaycanda meşə əraziləri ilə bağlı problem resursların bərabər paylanmaması ilə bağlıdır. Böyük Qafqaz və Kiçik Qafqazda yaşıllıq ərazilər daha çoxdur. Eyni zamanda, orada əhali də say baxımından çox deyil. Amma Aran zonalarında və Abşeron yarımadasında vəziyyət başqadır. Bildiyimiz kimi, Bakı özü dəniz səviyyəsindən aşağıdır və quraq ərazidir. Kür-Araz ovalığı da eynilə quraq iqlim tipinə malik ərazidir. Bu ərazilərdə yaşayan əhalinin yaşıllığa olan tələbatında qeyri-bərabər paylanma müşahidə oluna bilir. İstənilən ərazidə adambaşına minimum 8 kvadrat metr yaşıllıq olmalıdır. Bakıda bəzən bunun yarısı ödənilir. O baxımdan da Bakıda mümkün qədər yaşıllaşdırma işlərinin aparılması tək ETSN deyil, bütün qurumların diqqətindədir. Xüsusilə də son illər yaşıllıqların salınmasına, çox sayda ağac əkilməsinə üstünlük verilir. Bu proses uzun çəkdiyindən onun gələcək üçün vəziyyəti müsbətə doğru dəyişəcəyini əminliklə deyə bilərik.
 

- Bakıda salınan yaşıl zolaqlara bəzən vaxtında qulluq edilmir, ağaclar vaxtında sulanmır və nəticədə quruyur. Bununla bağlı ETSN qarşısında hansısa məsələ qaldıra bilərsinizmi?
 

- Bu məsələlər nazirliklə dəfələrlə müzakirə edilib. Meşələrin İnkişafı Departamenti və digər aidiyyatı şöbələrlə söhbətlərimiz olub. Nəzəri olaraq konseptual təkliflərimiz mövcuddur. Amma burada məsələ yalnız nazirliklə bağlı deyil. Məsələn, suvarılmadan danışırsınız, bu məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq vacibdir. Suyun idarə edilməsi bu quruma həvalə edildiyi üçün iki qurum arasında sıx iş birliyinin formalaşmasına ehtiyac var. Bu da bir az zaman tələb edəcək, çünki həmin agentlikdə strukturlaşma yeni gedib. Əvvəlcə sözügedən agentlik yanında da İctimai Şura formalaşmalıdır. Bu yaxın gələcəkdə həll olunsa, ETSN və yanında fəaliyyət göstərən ictimai şura əməkdaşlıq etməyə hazırdır.
 

- Jurnalistlərin İctimai şuralarla əməkdaşlığını necə qiymətləndirirsiniz? Media bu sahədə yetərli səviyyədə çalışırmı?
 

- Jurnalistlər tərəfindən diqqət çox böyükdür. Mənim şura sədri olaraq iş həftəmin başlanğıcı da, ortası da, sonu da jurnalistlərlə sıx təmasda keçir. Xəzərdə suyun səviyyəsinin düşməsi məsələsindən tutmuş, çaylarda suyun azalmasına, normadan artıq yağıntının olmasından, hansısa heyvana qarşı qeyri-insani rəftara qədər olan məsələlər jurnalistlərin marağındadır. Jurnalistlər artıq bizi tanıyır və nə sualları olarsa, müraciət edirlər. İlk növbədə jurnalistlər ETSN-nin mətbuat xidməti ilə sıx təmasdadırlar. Məqsədəuyğun olduqda da mətbuat katibi və şöbə daim jurnalistləri İctimai Şura üzvlərinə yönləndirir. Biz də əlimizdən gələni etməyə çalışırıq ki, jurnalistlərin heç bir sualı cavabsız qalmasın. Hər situasiyada müstəqil mövqe bildirərək fikrimizi bölüşür və ictimaiyyəti jurnalistlərin köməyi ilə maarifləndirməyə çalışırıq.

Seçilən
45
1
modern.az

2Mənbələr