AZ

Milli Qəhrəmanımız Özbəkistanda tanıdılır

Zəfər Günü ərəfəsində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə çap edilən mərhum tədqiqatçı – jurnalist Mövlan Şükürzadənin Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr etdiyi “Vətən üçün can fəda edən qəhrəmanlar” kitabının təqdimatı keçirilib.

Daşkənd İqtisadiyyat və Pedaqogika İnstitutunda təşkil olunan təqdimat mərasimində rektor, professor Şakarboy Caniqulov çıxış edərək Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalı altında qaldığını bildirib. Rektor bu ərazilərdə ermənilərin genişmiqyaslı vandalizm siyasətindən söz açıb, Qarabağda tarixi abidələrimizin, məscidlərimizin tamamilə dağıdıldığını və nisbətən salamat olan iki məsciddə donuz saxladıqlarını xüsusi vurğulayıb. Hələ yüz il bundan qabaq Özbəkistanın Fərqanə, Mərgilan, Kokand və digər şəhərlərində özbək xalqına qarşı daşnakların törətdiyi vəhşiliklərdən, cinayətlərdən söz açıb.

AMM direktorunun müavini Nadir Əlimirzəyev Qarabağ müharibəsi dövründə Özbəkistan dövləti və xalqının həmişə yanımızda olduğunu, Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini xatırladıb. Noyabrın 8-də Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğu tarixin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunduğunu bildirib. Bu gün işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinin aparıldığını deyən natiq bu işdə özbək qardaşlarımızın da rolunun olduğunu deyib.

Professor Marufcan Yoldaşov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iki ölkə arasında mədəni-ədəbi əlaqələrdən söz açaraq bu sahədə AMM-nin fəaliyyətindən, mərkəzin çap etdiyi kitablardan danışıblar.

Tarixçi alim, dosent Asror Qayumov, hərbçi, polkovnik Noryigit Dusanov ermənilərin türk xalqlarına qarşı tarixi düşmənçiliyindən söz açaraq, azərbaycanlılarla yanaşı, özbəklərin də ermənilər tərəfindən soyqırımlara, qətliamlara məruz qaldıqlarını xatırladıb.

Sonda İskəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən sənədli film təqdim edilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr