AZ

Azad sözü sosial məsuliyyət ilə qovuşduran nəşr

“Yeni Müsavat” - 35

Bu günlərdə “Yeni Müsavat” qəzetinin 35 yaşı tamam oldu. Nəşrin qurucusu, Əməkdar jurnalist Rauf Arifoğlu keçilmiş yol barədə XQ-nin suallarını cavablandırdı.

– “Yeni Müsavat” qəzeti müstəqillik və ərazi bütövlüyümüz uğrunda ümumxalq mübarizəsinin yetirməsidir. Bu yolda qəzetin iştirakı və rolu bu gün necə görünür?

– Doğrudan da, “Yeni Müsavat” qəzeti xalqımızın milli azadlıq mübarizəsinin gedişində ortaya çıxdı. 1989-cu ildə Azərbaycan cəmiyyətinin önəmli ehtiyaclarından biri də informasiya təminatı və hakim Kommunist Partiyasının nəzarətində olan KİV-lərə alternativ tribuna yaradılması idi. O zaman belə bir addım mövcud qanunlara uyğun deyildi. Qəzetimiz gizli nəşrə başlayanda paytaxtımız son illərini yaşayan SSRİ-nin fövqəladə rejim basqısı altında yaşayırdı. Sovet generalları öz azadlığı və torpaqlarının bütövlüyü uğrunda meydanlara çıxan, etirazlarda birləşən Azərbaycan xalqının haqq və hüquqlarını boğmaq, onu Ermənistan qarşısında zəiflətmək üçün məkrli fəaliyyət proqramı həyata keçirirdilər. “Yeni Müsavat” Azərbaycanı təhdid edən bu prosesə qarşı idi.

Belə bir şəraitdə qəzetimiz qeyri-formal fəaliyyət göstərirdi. İlk sayımız gizli üsulla Bakıda çap olunandan dərhal sonra sovet hərbi rejimi izimizə düşüb bizi axtarmağa başladı. Bu səbəbdən Gəncəyə köçdük. Sonrakı dövrdə “Yeni Müsavat” qəzeti həm informasiya sahəsində, həm də torpaqlarımızın qorunması uğrunda proseslərdə yaxından iştirak etdi. Birinci Qarabağ müharibəsində isə döyüşən könüllülərin yanında olduq. Sonrakı dövrdə də Azərbaycan nə yaşadısa, “Yeni Müsavat” da onları yaşadı. Nəşrimiz 35 ildir ki, Azərbaycanla, xalqımızla birlikdədir.

44 günlük Vətən müharibəsində isə qəzetimiz və ona bağlı bütün media quruluşlarımız informasiya cəbhəsində Ordumuzun, Ali Baş Komandanımızın və Dövlətimizin yanında oldu. Həm xalqımıza həqiqətləri çatdırmaq, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq səsini eşitdirmək üçün biz də öz sözümüzü dedik.

– 35 illik yol çətin və məsuliyyətli olub. Bu baxımdan partiya nəşrindən müstəqil qəzetə gələn yola bu gün necə baxırsınız?

– Bu, tarixi bir yol idi – biz bir partiya nəşri olaraq başladıq, çünki o zamanın tələbi və bildiyimiz model bu idi. Lakin Azərbaycan müstəqil dövlət olduqdan, ulu öndər Heydər Əliyevin, daha sonra isə Müzəffər Liderimiz İlham Əliyevin rəhbərlikləri altında dövlətçiliyimiz möhkəmlənəndən sonra artıq medianın, KİV-lərin siyasi partiyalardan, onların təsirindən ayrılması, müstəqil nəşrlər olması zərurəti yarandı. Biz də cəsarətlə bu zərurətin istiqamətində getdik.

Elə o zamandan da media qurumu kimi böyüdük, gücləndik və mərkəzçi bir tribuna halına gəldik. 35 yaşlı çap mediası olan “Yeni Müsavat”ın uğur düsturunun əsasında tərəfsizlik, mərkəzçilik və innovativlik dayanır. Bu gün çap mediası olan “Yeni Müsavat”ın bazasında tirajlı elektron mediası, 380 min abunəsi olan YouTube, 430 min abunəsi olan TikTok kanalları, Instagram və Telegram hesabları var.

– “Azad söz” və “sosial məsuliyyət” anlayışlarının Azərbaycan mediasında çağdaş uyğunlaşması “Yeni Müsavat”da necə təzahür edir?

– “Yeni Müsavat” azad sözün və sosial məsuliyyətin daşıyıcısıdır. Amma biz yalnız azad sözə deyil, eyni zamanda, bu azadlığın sosial məsuliyyətlə və balanslı şəkildə həyata keçirilməsinə də diqqət yetiririk. Ölkəmizin inkişafı və maraqları çərçivəsində həqiqətləri çatdırır, cəmiyyətin ehtiyac və gözləntilərinə uyğun mövzuları işıqlandırırıq.

44 günlük Vətən müharibəsində də biz sosial məsuliyyətimizi dərindən hiss etdik və xalqımızın, dövlətimizin, Ali Baş Komandanımızın yanında olduq. İndi də “Yeni Müsavat” azad sözün məsuliyyətli daşıyıcısı olaraq cəmiyyətin inkişafına, həmrəylik ruhunun qorunmasına xidmət edir.

– Yubileyinizi təbrik edir, qəzetinizə bundan sonra da uğurlu fəaliyyət arzulayırıq.

T.RÜSTƏMLİ
XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr