AZ

Ən çox bu ölkələrdən gələn diplomlar tanınmadı, çünki...

Ekspert: “Müddətin az olmasına görə diplom tanınmasından imtina beynəlxalq konvensiyanın tələblərinə ziddir”

Oktyabr ayı üzrə xaricdə təhsil alan 665 müraciətçidən 540 nəfərin diplomu tanınıb, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə beş, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə bir, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə bir, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə bir, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə bir, qısaldılmış proqram səbəbilə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərdə isə Ukraynadan 208, Rusiyadan 203, Türkiyədən 135, Belarusdan 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, ABŞ-dan 9, Almaniyadan 5, Qazaxıstandan 3, Çindən 3, İtaliyadan 3, Macarıstandan 3, İspaniyadan 2, İsveçdən 2, İrandan 1, Kanadadan 1, Şimali Kiprdən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızdan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslardan isə hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.

Bəs xarici diplomlar hansı səbəbdən tanınmır? Niyə tələbələr daha çox Ukrayna universitetlərinə müraciət edir?

Həddini

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycanda xarici universitetlərin diplomlarının tanınmaması məsələsi xaricdə təhsil alanların ciddi maliyyə itkisinə səbəb olur və təhsildə qlobal inteqrasiyanı çətinləşdirir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin oktyabr ayı üzrə hesabatına görə, diplomların tanınmaması hallarının əsas səbəbləri arasında tələb olunan tədris yükünü yerinə yetirməmək, akkreditasiyasız universitetlərdən alınan diplomlar və qiyabi təhsil kimi problemlər göstərilir. Bu vəziyyət tələbələrin əziyyət çəkdiyi, dövlətin isə gənc kadrların mütəxəssis olaraq hazırlığında əngəllərlə qarşılaşdığı bir problem yaradır. Məsələyə dünya təcrübəsi ilə baxdıqda bizdə diplomların tanınma qaydasının hələ də çətin prosedur olduğunu görürük. 

Azərbaycanda ən çox müraciət Ukraynadan gəlir. Bu ölkədə son illərdə baş verən siyasi və iqtisadi vəziyyət azərbaycanlı tələbələrin Ukraynaya müraciətlərində artım yaradıb. Bir sıra tələbələr təhsil prosesində asanlıq və maliyyə baxımından əlverişli şərtlər əldə etdikləri üçün Ukraynada təhsil alırlar. Lakin burada təhsil aldığı müddətdə tələbələrin tam gün dərslərə qatılmaması, onlayn və ya qısaldılmış proqramlar vasitəsilə diplom almağa çalışması kimi hallar sonradan həmin diplomların Azərbaycanda tanınmamasına səbəb olur. Təhsil müddətində ölkədən uzun müddət kənarda olmamaları və ya tədris yükünü yerinə yetirməmələri halları qanunla nəzərdə tutulan tanınma meyarlarına uyğun gəlmir".

Ekspert qeyd edib ki, diplomların tanınmaması problemləri arasında qiyabi təhsil də xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan qanunvericiliyinə əsasən, xüsusilə əczaçılıq və tibb ixtisasları üzrə yalnız əyani təhsil alanların diplomları tanınır, çünki bu sahələrdə peşəkar biliklərin yüksək səviyyədə mənimsənilməsi və praktik bacarıqların inkişafı vacibdir. Bir çox ölkədə, xüsusən də tibbi və texniki ixtisaslar üzrə bu məhdudiyyətlər qəbul edilir, çünki bu ixtisaslar ciddi praktiki bacarıqlar və əyani təlim tələb edir. Ancaq digər sahələr üzrə qiyabi təhsil daha geniş yayılıb və diplomların tanınması məsələsində müəyyən dərəcədə qəbul edilir. Dünya təcrübəsində isə qiyabi təhsil daha geniş qəbul görməkdədir, xüsusilə ABŞ, Birləşmiş Krallıq və Avropa ölkələrində qiyabi təhsil proqramları akkreditasiyaya malik olduğu təqdirdə iş bazarında qəbul olunur.

Azərbaycan qanunvericiliyinə görə, bir tələbənin diplomunun tanınması üçün təhsil aldığı müddətdə ölkədə yaşadığını təsdiq edən prosesin olması doğru yanaşma deyil. Çünki təhsil müddətini tələbə yox, universitet müəyyənləşdirir. Müddətin az olmasına görə diplom tanınmasından imtina beynəlxalq konvensiyanın tələblərinə ziddir.  Bu prosedur isə tələbələri əlavə sənədlər toplamaq məcburiyyətində qoyur. Halbuki bu yanaşma dünyanın bir çox ölkəsində tələb olunmur. Məsələn, ABŞ və Avropa ölkələrində onlayn və qiyabi təhsil proqramları akkreditasiya və keyfiyyət standartlarını yerinə yetirdikləri təqdirdə tanınır və tələbələrdən əlavə sənəd tələbi olmur. Eyni zamanda bu proqramlar iş bazarında rəqabət qabiliyyətli hesab olunur".

Kamran Əsədov qeyd edir ki, Azərbaycanın xarici diplomların tanınmaması məsələsində daha çevik və müasir yanaşma qəbul etməsi vacibdir: “Onlayn və qiyabi təhsil üzrə proqramların tanınması məsələsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bu, tələbələrin daha rahat və dünya standartlarına uyğun təhsil almasına şərait yaradacaq. Ölkənin gənc kadr ehtiyatlarını gücləndirmək və onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olmalarını təmin etmək üçün dövlətin xarici diplomların tanınması üzrə mövcud qaydaları yenidən nəzərdən keçirməsi zəruridir. Bu, təhsilin inkişafına və Azərbaycanın qlobal elmi və akademik aləmdə mövqeyinin güclənməsinə xidmət edəcək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
20
1
musavat.com

10Mənbələr