AZ

Saxlanma Mərkəzində əcnəbinin tibbi-sanitariya təminatı ilə bağlı yeni qaydalar

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin tibbi-sanitariya təminatı ilə bağlı yeni qaydalar müəyyən olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçirilir, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılır.

Tibbi müayinə zamanı əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə bədən xəsarətləri və ya Mərkəzə yerləşdirilənə qədər onun hər hansı işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması müşahidə olunarsa, bu barədə tibb işçisi tərəfindən dərhal Mərkəz işçisinə məlumat verilir.

İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarla əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı aşkar edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi ehtimal edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq icra hakimiyyəti orqanı vasitəsilə araşdırma aparılması üçün dərhal müvafiq prokurorluq orqanına göndərilir.

Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda, onların tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınaraq, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə, eləcə də müraciət olduqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müdafiəçisinə təqdim edilir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəz rəisinin qərarı əsasında tibbi müayinəyə başqa tibb müəssisələrinin həkim mütəxəssisləri cəlb edilə bilərlər. Bu halda, dəvət edilən həkim mütəxəssislər tərəfindən keçirilən tibbi müayinənin xərcləri bu barədə vəsatət verən şəxsin vəsaiti hesabına ödənilir.

Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzdən azad edilməzdən (və ya buraxılmazdan) və ya digər Mərkəzə köçürülməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir və bu barədə tibbi kitabçada qeyd aparılır.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova

Seçilən
23
2
bakivaxti.az

7Mənbələr