AZ

ABŞ-dəki hakimiyyət boşluğu fonunda İsrail Qəzza və Livana qarşı təcavüzünü daha da artıra bilərmi?

ABŞ-də seçkilər ərəfəsində İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad etdi...

Siyasi-analitik: “Qallantın yerinə təyin olunan Katz diplomatdır. Onun birdən-birə müdafiə naziri təyin olunması təəccüblüdür”.

“İsrailin indiki situasiyada hansısa ciddi radikal addımlar atacağını və Livana hərbi müdaxiləsini real hesab etmirəm”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov İsraildə Baş verən kadr dəyişikliyini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-də seçkilər ərəfəsində İsrailin Baş naziri Benyamin Netanyahu gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad edib, yerinə xarici işlər naziri İsrail Katzı təyin edib. Məlumata görə, Netanyahu Baş Qərargah rəisi Herzi Halevini və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətindədir. Ölkə müxalifəti isə müharibə getdiyi vaxtda müdafiə nazirinin dəyişdirilməsinə etiraz edib və tərəfdarlarını aksiyaya çağırıb.

Netanyahu bu qərarı hansı səbəblər fonunda verdi və Trampın seçilməsindən sonra yanvara qədər olan vaxtda İsrail Qəzza və Livana qarşı təcavüzünü daha da artıra bilərmi?

Trampın hakimiyyətə gələməyi, yanvar ayına qədər Yaxın Şərqdəki mümkün vəziyyəti Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzovla müzakirə edib.

Kənan Novruzov: “İsrail Trampın and içməsini gözləyəcək”.

Yaxın Şərqdə müharibənin davam etdiyi hər növbəti günün bizi qlobal müharibəyə daha da yaxınlaşdırdığını qeyd edən analitik Poliqon-a açıqlamasında qeyd edib ki, perspektivdə İsrailin Livana daha geniş müdaxiləsi istisna deyil:

“Ümumiyyətlə, müharibələr genişləndikcə və uzandıqca hərbi-siyasi elitada bu cür qarşıdurmaların yaranması gözləniləndir. Məsələn, biz oxşar hadisələri Ukraynada da görürük. Ukraynada da müdafiə naziri dəyişdi və müxtəlif başqa təyinatlar oldu. Eyni zamanda bu dəyişikliklər və təyinatlar Rusiyada da oldu.

Müharibə bəzən hərbi-siyasi nöqsanları üzə çıxarır, bəzən qarşıdurmalara səbəb olur, bəzən fikir ayrılıqları yaradır, deyə bu cür addımlar atılmalı olur. Məncə Qallant müdafiə naziri kimi təcrübəli adam idi və müharibəni də doğru aparmağı bacarırdı. Qallantın yerinə təyin olunan Katz isə diplomatdır. Onun birdən-birə müdafiə naziri təyin olunması təəccüblüdür. Əslində bu adam hərbi strategiyanı o qədər də bilmir. Ancaq nəzər alsaq ki, Katzın qarşısında müdafiə naziri kimi əsas tələb məhbusların mübadiləsi olub, o zaman deyə bilərik ki, doğrudan da artıq diplomatik səylərin güclənməsinə ehtiyac var.

İsrailin indiki situasiyada hansısa ciddi radikal addımlar atacağını və Livana hərbi müdaxiləsini real hesab etmirəm. Yəqin ki, İsrail Trampın and içməsini gözləyəcək. Amma bütün hallarda müharibə genişlənən templə davam etməkdədir. Sülh olmadıqca hər ötən gün müharibənin genişlənmə ehtimalı daha da artır. Yaxın Şərqdə müharibənin davam etdiyi hər növbəti gün bizi qlobal müharibəyə daha da yaxınlaşdırır. Bu baxımdan perspektivdə İsrailin Livana daha geniş müdaxiləsi istisna deyil”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr