AZ

Moldovada seçki bitdi: Sabitlik pozula bilərmi?

"Kənar qüvvələrin maraqları sərt şəkildə toqquşmaqda davam etdiyindən orta perspektivdə Moldovada sabitlik pozulacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Moldovada baş tutan seçkilərdən sonra daxildə vəziyyətin hansı istiqamətdə cərəyan edəcəyini şərh edərkən deyib.

"Moldovada keçirilən prezident seçkiləri və referendum artıq bitib. Nəticələri təhlil edəndə görürük ki, Moldova geosiyasi maraqların ciddi şəkildə toqquşduğu ölkələrdəndir. Bu ərazi Qərblə Rusiya arasında əsas çarpazlaşma nöqtəsindir. Seçicilərin demək olar ki, bərabər şəkildə iki hissəyə bölünməsi də Moldova cəmiyyətini dilema qarşısında qoydu. Qərbyönümlü qüvvələr cüzi fərqlə qalib gəldi. Cəmi 756 səs fərqilə referendumda qərbyönümlü qüvvələr üstün oldu. Bu isə o deməkdir ki, seçkilər bitsə də Moldova cəmiyyətində kəskin haçalanma mövcuddur. Bir sözlə, seçkilər qəti qələbə anlamına gəlmədi", deyə Üzeyir Şəfiyev bildirib.
 


Ekspertin fikrincə, Moldovanın yolunun hara olması məsələsi yaxın və orta perspektivdə bir daha gündəmə gələ bilər:

"Seçicilərin ikiyə bölünməsi Qərb və Rusiyanı yenidən Moldova cəmiyyətilə işləməyə vadar edəcək ki, bu da öz növbəsində ölkədə daxili sosial-siyasi sabitliyi təhdid edəcək. Müxalif namizəd Aleksandr Stoyanoqlonun nəticələri tanıması və tərəfdarlarını sabitliyə çağırması daxili sabitliyi dəstəkləyən addım olsa da, kəskin haçalanma fonunda yaxın və orta perspektivdə Moldovada sakit gələcək gözlənilmir. Rusiya Moldovada işləməkdə davam edəcək ki, bu da əks cəbhə üçün növbəti diskomfort yaradacaq. Qərb dairələri də işlərini davam etdirəcək. Deməli, perspektivdə Moldovada yenidən sosial siyasi sabitlik pozulacaq. Çünki kənar qüvvələrin maraqları sərt şəkildə toqquşur. Moldova hələ də qaynar nöqtə olaraq qalacaq".

Qeyd edək ki, Moldovada keçirilən referendum və prezident seçkilərində qərbyönümlü qüvvələr az fərqlə qalib gəlib. Amma yaranmış vəziyyət düşünməyə əsas verir ki, seçki prosesi bitsə də, Moldovada qarşıdurma səngiməyəcək. Əksinə, seçkidən sonra gərginlik daha da arta bilər. Bu da ondan irəli gəlir ki, nəticələr heç bir tərəfi, xüsusən də Rusiya və Moldova müxalifətini qane etmir. Deməli, bu ölkədə gərgin ziddiyyətlər hələ qabaqdadır. Seçkidən sonra Moldovada zorakı hadisələrin yaşana biləcəyi də istisna edilmir. 

Rüfət Sultan

Seçilən
16
qaynarinfo.az

1Mənbələr