AZ

Azərbaycan türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir - Vüqar Rəhimzadə

Bakı, TurkicWorld

Türk dünyasının birliyinin, həmrəyliyinin növbəti təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşü hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Reallıq budur ki, tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, xarici siyasətdə də uğurlarımızın miqyasının daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri türk dünyasının birliyinin möhkəmləndirilməsidir. Dövlətimizin başçısı Prezident İlham Əliyev yeni dövrün Azərbaycanının yeni hədəflərini açıqlayarkən bu çağırışı xüsusi qeyd etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.

Prezident İlham Əliyev noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. Bu ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Prezident İlham Əliyev sözügedən çıxışında Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığını önə çəkərək bu inamı ifadə etdi ki, Azərbaycanın qurumun Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min dollar məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin fonunda bütün türk dünyasının dəstəyinin, birliyinin şahidi oldu. Azərbaycan və Türkiyə mühüm addımları ilə türk dünyasının həmrəyliyinə davamlı töhfələr verirlər. Hazırda türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dünya bu birliyi hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.

Vüqar Rəhimzadə onu da bildirib ki, hər bir tədbirin əhəmiyyətini şərtləndirən mühüm amillərdən biri keçirildiyi məkan ilə yanaşı, müzakirəyə çıxardığı mövzudur. Türk Dövlətləri Təşkilatının XI Zirvə görüşü "Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik" şüarı altında keçirildi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Zirvə görüşündə quruma müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak etdilər. Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında diqqəti bir sıra mühüm məqamlara yönəltdi. Bildirdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Hər bir tədbirdə Prezident İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə görüşü bu baxımdan da diqqətdə oldu. Dövlətimizin başçısı bildirdi ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kənd və qəsəbələrimiz tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə təşəkkürünü bildirdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Milli Məclisin deputatı Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşü çərçivəsində bütün türk dövlətlərinin, o cümlədən Azərbaycan-Qırğızıstan münasibətlərinin dünəninə, bugününə və perspektivlərinə də diqqəti yönəldib. Bildirib ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə, sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır. Azərbaycan-Qırğızıstan dostluq və əməkdaşlıq münasibətlərinin təməlini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və ardıcıl səyləri təşkil edir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Qırğızıstanla münasibətlərin genişləndirilməsinə xüsusi diqqət göstərir. Onun ardıcıl səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə daha yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak məqsədilə Qırğızıstana növbəti səfəri ölkələrimizin münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Bu səfər iki ölkə arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsi üçün strateji əhəmiyyətə malikdir və qarşıdakı illərdə dostluq əlaqələrinin daha da dərinləşəcəyinə zəmin yaradır. Bu səfər, eyni zamanda, Azərbaycanın türk dünyasının birliyinin möhkəmləndirilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Dövlətimizin başçısının Zirvə görüşü çərçivəsində keçirdiyi ikitərəfli görüşlər də Azərbaycana böyük etimadın göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyev diqqəti Azərbaycanın 200-ə yaxın dövlətin dəstəyi ilə COP29 tədbirinə ev sahibliyinə yönəldərək bu əminliyi ifadə etdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

Seçilən
14
6
turkic.world

7Mənbələr