AZ

Orta Dəhliz həm də Türk Dövlətlərinin dəhlizi olacaq- 15 faiz rəqəmi nə deyir?..

Image

Vüqar Bayramov: “Orta Dəhliz həm Avropa İttifaqı, həm də Çin üçün daha da cəlbedici olmağa başlayıb”

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib ki, tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir: 

“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.

Bütövlükdə, tranzit daşımalarda müşahidə edilən artım dinamikasının əhəmiyyətini, bu istiqamətdəki perspektivləri ekspertlər necə dəyərləndirir?

“Bütün bunlar Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə prizmadan yanaşdı: “Reallıq ondan ibarətdir ki, Orta Dəhlizin imkanlarının artması müşahidə edilir. Cənab Prezidentin qeyd etdiyi kimi, rəqəmsallıq və eyni zamanda, təbii ki, ekoloji standartlara uyğun olaraq ətraf mühitin qorunması prioritetdir. 2024-cü ilin geridə qalan aylarında Orta Dəhliz vasitəsi ilə daşınan yüklərin həcmində 62 faizdən çox artım qeydə alınıb. Bu da ondan xəbər verir ki, əslində Orta Dəhliz həm Avropa İttifaqı, həm də aparıcı Asiya ölkəsi olan Çin üçün daha da cəlbedici olmağa başlayıb. Çünki nəticə etibarı ilə Qərbin Rusiya və İrana qarşı sanksiyaları Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artırmaqdadır. Bu konteksdən, təbii ki, biz Orta Dəhlizə marağın artmasını müşahidə edirik, amma bu, kifayət deyil. Prezident Əliyevin də qeyd etdiyi kimi, Orta Dəhlizin genişləndirilməsi beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilir. Gələcəkdə, xüsusən də rəqəmsal və “yaşıl iqtisadiyyat”la bağlı meyarları da bu istiqamətdə nəzərə alınacaq. O baxımdan, Orta Dəhliz artıq praktiki olaraq region üzərindən tranzit və beynəlxalq yükdaşımalarda xüsusi paya malik olmaqdadır. Bu isə nəticə etibarı ilə, təbii ki, həm regionun, xüsusən də Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edir. O baxımdan taranzit daşımaların getdikcə artması müsbət haldır”.

Vidadi ORDAHALLI





Seçilən
68
50
baki-xeber.com

10Mənbələr