AZ

Qüdrət Həsənquliyev: “Bəlkə də kişilərin az yaşamasının səbəblərindən biri də budur”

Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev layihə barədə danışarkən bildirdi ki, ölkəmizdə məişət zorakılığına qarşı ciddi mübarizə aparılır: “Müvafiq dövlət orqanları bu kimi neqativ halların qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər. Hörmətli Hicran Hüseynova statistik rəqəmlərə istinad eədərək, qeyd elədi ki, daha çox qadınlar məişət zorakılığına məruz qalır. Amma, “qadınlar daha çox fiziki zorakılığa məruz qalır”,-söyləməsi daha doğru olardı. Mən deməzdim ki, ümumən qadınlar daha çox məişət zorakılığına məruz qalırlar. Qısa bir müddətdə müstəntiq vəzifəsində çalışmşam. Cinayət prosessual qanunvericilik də müstəntiqlərdən tələb edirdi ki, cinayəti doğuran səbəb və şərait mütləq öyrənilməlidir və onun profilaktikası, gələcəkdə bu kimi cinayətlərin baş verməməsi üçün müvafiq tədbirlər görülməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, bir çox hallarda qadınlar ailədə öz həyat yoldaşlarına, uşaqlarına münasibətdə dözülməz vəziyyət yaradırlar: “Gənclər çox vaxt bir-birini yaxşı tanımadan ailə qururlar. Ailənin büdcə planlaması çox vaxt düzgün həyata keçirilmir. Onlar nəzərə almırlar ki, aldıqları maaşla ailə qurandan sonra uşaqlar dünyaya gələrsə, uşaqların problemlərini necə həll edəcəklər. Və sonradan müəyyən maliyyə problemləri yaranır, uşaqların tələbatlarını ödəyə bilmirlər. Bu da ailədə əlavə gərginliyə, psixoloji problemlərə yol açır və insanlar daha emosional, əsəbi olurlar. Yəni, sosial vəziyyət də məişət zorakılığını doğuran hallardan biridir. Ona görə də, ölkədə həm elm adamları, həm müvafiq sosioloji araşdırmalar aparan müvafiq qurumlar bu istiqamətdə ciddi araşdırmalar aparmalıdırlar. Məsələn, indi psixoloqların iştirakı ilə bağlı müzakirə aparırıq. Hesab edirəm ki, bir çox ölkələrdə bəzən cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma zamanı məsələ qoyulur ki, tutaq ki, 10-15 seans psixoloqun yanında olmalısan, ya da sənin haqqında müvafiq tədbirlər görüləcək. Yəni, psixoloqun iştirakı məcburi qaydada təmin olunur. Yaxud, burada qeyd edirik ki, psixoloq zərərçəkmişin razılığı ilə prosesə cəlb oluna bilər. Hesab edirəm ki, araşdırmanı aparan müvafiq vəzifəli şəxsin qərarı ilə də psixoloqun iştirakı təmin olunmalıdır”.

Millət vəkili daha sonra spikerə xitabən bildirdi: “Hörmətli sədr, əlbəttə, sizin o fikrinizlə razıyam ki, məişət zorakılığının baş verməsində əsas faktor mədəni səviyyə məsələsidir. Amma sosial məsələlər də az rol oynamır. Bu, ümumiyyətlə hər bir xalqın sosial inkişaf indeksinə bağlıdır. Qadinlar zorakılıqla üzləşdikdə bir çox hallarda hüquq–mühafizə orqanlarına müraciət etməsələr də, öz valideynlərinə, yaxınlarına bu barədə məlumat verirlər və bu tipli hadisələr haqqında onlar tərəfindən müvafiq dövlət orqanlarına məlumat verilir. Amma mentalitetimiz belədir ki, ümumiyyətlə kişilər bu barədə danışmağı özlərinə sığışdırmırlar. Bəlkə də kişilərin az yaşamasının səbəblərindən biri də budur. Onlar daha çox çox əziyyət çəkir. Xanımlarımızdan üzr istəyirəm, belə bir lətifə var və görünmür bu lətifə də elə belə yaranmayıb. Qadınlar öləndə deyirlər ki, bu, Allahın işidir, kişilər öləndə isə deyilir ki, bu qadınların işidir. Bu, zarafatla deyilmiş bir sözdür. Amma bəzən, qadınlar ailədə dözülməz vəziyyət yaradırlar. Qadınlar hər birimizin anamız, bacımız, həyat yoldaşımız, qızlarımızdır. Amma, o fikrin tərəfdarıyam ki, qanunvericilikdə bu tipli məsələlərdə psixoloqların iştirakından geniş və bir çox hallarda məcburi qaydada istifadə nəzərdə tutulsun”.

E.Paşasoy,
Musavat.com

Seçilən
63
8
musavat.com

10Mənbələr