Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri baş tutub.
"Report"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
Din və hökumət nümayəndələri Ağdama səfər çərçivəsində öncə Şəhidlər xiyabanını və Cümə məscidini ziyarət ediblər.
Burada qonaqlara işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.
Sonra Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş azan verib, daha sonra onun imamətliyi ilə camaat namazı qılınıb.
Eyni zamanda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına Birinci Qarabağ müharibəsi, Xocalı faciəsi qurbanları və Ağdamda dəfn edilən Vətən müharibəsi şəhidləri ilə bağlı məlumat verib.
Dini liderlər şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar, Qurandan ayələr oxuyublar.
Sammit iştirakçıları Xankəndiyə də səfər ediblər, “Zəfər” meydanında xatirə şəkli çəkilib.
Səfər çərçivəsində Şuşaya yollanan heyət Cıdır düzündə olub. Qonaqlar Bülbülün, Natəvanın və Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş büstlərini, ardınca Şuşa qalasını ziyarət ediblər.
Səfər Yuxarı Gövhər ağa məscidində dini xadimlərinin camaat namazı qılması ilə yekunlaşıb.
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.
"Report"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
Din və hökumət nümayəndələri səfər çərçivəsində Füzuli, Ağdam, Xocalı, Əskəran, Xankəndi və Şuşada işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılacaqlar.
Bildirilib ki, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın Ağdam Cümə məscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdə tutulur. Bu, Ağdam Cümə məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.