Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib.
Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini qeyd edən İlham Əliyev bildirib: “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir”.
Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyini qeyd edib. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır.
Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Azərbaycan Prezidenti Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirib. Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.
Ruhəngiz Heydərova Nizami rayonu 238 saylı tam orta məktəbin direktor müavini