AZ

Milli Məclisin iclasında...

Deputatlar 16 məsələni müzakirə ediblər

Noyabrın 7-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 16 məsələ daxil edilib.

Əvvəlcə spiker Sahibə Qafarova 8 Noyabr - Zəfər Günü ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, dörd il bundan əvvəl noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində Zəfər yürüşünü qələbə ilə başa çatdırmışlar. 44 gün ərzində cəsur əsgər və zabitlərimizin Qarabağ torpağında hər addımı, azad edilmiş torpaqlarda yüksəldilən hər bayrağımız ilə Azərbaycanın qanuni hüquqları bərpa edildi. 8 noyabr Zəfəri sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması təkcə bizim ölkəmiz üçün deyil, həm də türk dövlətləri, bütün dünya üçün tarixi bir hadisədir.

Spiker qeyd edib ki, haqq-ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi sayəsində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib: “ Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulub. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlanıb. Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil etdi. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu  oldu.

Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib. Bununla əlaqədar mən Prezidentin sözlərini xatırlatmaq istərdim: “Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər”“.

S.Qafarova deyib ki, hazırda bölgədə daimi sülh və sabitlik yaradılması məqsədi ilə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Göstərilən bütün təzyiqlərə, maneələrə, xüsusən bölgədən kənar qüvvələrin  cəhdlərinə baxmayaraq, sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır. “Bu gün öz həyatının yeni dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri getdikcə daha geniş vüsət alır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönərək dinc həyata başlayırlar. Xüsusi qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva müntəzəm olaraq bölgəyə səfərlər edir, aparılan işləri diqqətdə saxlayırlar”,-deyə MM sədri  tarixi qələbələri Azərbaycana bəxş etmiş Ali Baş Komandanı, Silahlı Qüvvələrin əsgər və zabitlərini, qazilərimizi təbrik edib.

Spiker həmçinin, Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktublarının göndərilməsini təklif edib.

“Biz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizi, Ermənistanın soyqırımı və dövlət terrorizmi aktları nəticəsində qətlə yetirilmiş dinc soydaşlarımızı heç zaman unutmuruq, onların xatirəsini daim əziz tuturuq”, -deyən S.Qafarova əlavə edib ki, Azərbaycanın tarixi qəhrəmanlıq, mərdlik və mətinlik tarixidir: “Xalqımız bütün çətinliklərə sinə gərib və həlledici döyüşdə Zəfər qazanıb. Bu gün biz döyüş meydanında qələbə ilə birlikdə,  bütün xalqımızı birləşdirən, onu “dəmir yumruğa” çevirən yenilməzlik ruhunu da qeyd edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq, siyasi və iqtisadi qüdrətini artırmaq, mədəniyyətini inkişaf etdirmək, xalqın rifahını yüksəltmək əzmi ilə gələcəyə doğru inamla addımlayır”.

Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış edib, 8 Noyab-Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayıblar.

Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlərinin təyin edilməsi məsələsinə baxılıb. Layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin olunublar. Bundan başqa, Rəşad Temraz oğlu Orucovun AMB İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında qərar qəbul olunub.

Sonra millət vəkilləri gündəlikdə olan digər məsələləri müzakirə ediblər.

Nardar BAYRAMLI

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr