AZ

Vətən müharibəsindəki zəfərin dəyişdiyi geosiyasi reallıqlar – İqor Korotçenko ilə MÜSAHİBƏ

8 noyabr təkcə qürur və fəxarət günümüz deyil. Zəfər Günü həm də Azərbaycanın yenidən və daha güclü şəkildə doğulduğu gündür. Bunu hər kəs, hətta beynəlxalq ekspertlər də etiraf edir.

Mövzu ilə bağlı Bizim.Media-ya müsahibə verən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko da 44 günlük müharibədə qazanılan Zərfərin regionda yeni geosiyasi reallıqlar yaratdığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür


Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, Azərbaycan xalqı növbəti dəfə Zəfər Gününü qeyd edir. Bu günün beynəlxalq aspektdən əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu bir faktdır ki, Zəfər Günü müasir Azərbaycan tarixinin ən şərəfli və qürurlu günüdür. Bu ilk növbədə İkinci Qarabağ müharibəsinin təntənəli yekunudur. Hansı ki, bu 44 günlük müharibə adı ilə tarixə düşdü. Bu savaş öz müddətinə, hərbi nəticələrinə görə mübaliğəsiz dünyanın ən sürətli və uğurlu döyüş əməliyyatı idi. Bu müharibəni analiz etdikcə Azərbaycan Silahlı Qüvvələrinin döyüş bacarığı və hərbi vəzifəni çox qısa zamanda uğurla yerinə yetirməsi qibtə doğurur. Halbuki, uğurlu döyüş əməliyyatı aparmaq üçün Azərbaycan ordusu üçün şərtlər və reallıqlar o qədər də yaxşı deyildi. 

Çünki Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərində keçilməz hərbi sədlər inşa etmişdi. Üstəlik, psixoloji üstünlük də ermənilər tərəfdə idi. Ən əsası Azərbaycan ordusu açıq döyüş mövqelərindən dağlıq və meşəlik ərazilərdəki düşmən üzərinə yerimək kimi bir çətin vəzifəylə üz-üzə idi. Təkcə, dağ başındakı Şuşanın geri alınması əməliyyatı müasir döyüş tarixinin ən maraqlı səhifələrindən biridir. Məhz Şuşanın geri alınması ilə Ermənistanın hərbi kapitulyasiyası reallaşdı və 3 tərəfli bəyanat imzalandı. Bir daha vurğulamaq istəyirəm ki, bu müharibə öz müddətinə və döyüş taktikasına görə müasir hərb tarixinin ən şanlı səhifəsidir. 

- 10 noyabrdan sonra Cənubi Qafqazda siyasi mənzərə necə dəyişdi? Hansı reallıqlar ortaya çıxdı?

- 44 günlük müharibənin yekunları ilk növbədə 20 sentyabr 2023-cü il reallıqlarını ortaya qoydu. Məhz 20 sentyabrda Qarabağ iqtisadi rayonunda separatizmin kökü kəsildi və Azərbaycan bütün ərazilərdə öz suveren hüquqlarını bərpa etdi. Ən əsas Zəfər Günü Azərbaycana qüdrətli dövlətə çevrilmək imkanını qazandırdı. Artıq Azərbaycana təzyiq etmək üçün qlobal güclərin əlində heç bir rıçak qalmadı. 

Məhz 44 günlük müharibədən sonra Azərbaycan özü üçün yeni iqtisadi və siyasi yol müəyyən etdi. Az sonra Azərbaycan artıq regional güc kimi özünü göstərdi. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda lider dövət deyil, həm də Orta Asiyada dərin nüfuza, bütövlükdə isə Avrasiyada hörmətə layiq bir ölkədir. Bu gün Azərbaycan dünyanın ən əlverişli nəqliyyat dəhlizlərinin keçdiyi bir ölkə, dünyaya “yaşıl enerji”nin ən böyük istehsalçısına çevrilməyə iddialı olan bir dövlətdir.Təbii ki, bütün bunlar Zəfər Günündən doğan reallıqlardır.

- Qərb, xüsusən də Fransa 10 noyabrdan sonra Cənubi Qafqazda təsirini xeyli dərəcədə itirdi. Elə deyilmi?

- Qərbin Azərbaycan üzərində təzyiq imkanları 44 günlük müharibədən sonra əsaslı şəkildə sarsıldı. Amma Qərb hələ də Cənubi Qafqazda var. Xüsusən də Ermənistan üzərindən həm ABŞ, həm də Fransa yeni oyunlar qurur. Bu gün ABŞ və Fransa Ermənistanda siyasi-iqtisad mövcudluğuyla yanaşı hərbi varlığını da gücləndirir. Avropa İttifaqının müşahidəçi missiyası da son zamanlar Ermənistanda öz sıralarını genişləndirir. Bu da o deməkdir ki, Ermənistan Qərbin təhriki ilə Cənubi Qafqazda sabitliyin pozulması üçün var gücü ilə çalışır. Nə qədər ki, Ermənistan ABŞ və Aİ-nin “Troya atı” kimi bölgədə destruktiv fəaliyyətini davam etdirir, bir o qədər də Qərbin maraqları bu və ya digər şəkildə bölgədə təmin edilmiş olacaq.

- Bu gün Gürcüstan da Qərbin təzyiqindən qurtulmaq ərəfəsindədir. Sizcə, Azərbaycanın Zəfəri Gürcüstan üçün də örnək oldumu? 

- Bəli, oktyabrın 26-da Gürcüstan sülhə səs verdi. Əks təqdirdə Gürcüstan da Ukraynanın taleyini yaşaya bilərdi. Amma görünən odur ki, “Gürcü arzusu” və müasir Gürcüstanın siyasi kursunun memarı Bidzina İvanişvili çox müdrik qərarlar qəbul edir, Gürcüstanda və Cənubi Qafqazda davamlı sülh üçün mübarizə aparırlar.  

Məhz bunun hesabına Qərbin Gürcüstanda növbəti dəfə rəngli inqilab etmək planı ən azından bu gün üçün iflasa uğradı. Artıq Gürcüstanda çoxları yaxşı bilir ki, bu ölkənin xoşbəxt gələcəyi, ərazi bütövlüyünü və suveren hüquqlarının bərpası Qərbin tezislərindən yox, regional əməkdaşlıqdan və mehriban qonşuluqdan keçir. Bu yolda təbii ki, Gürcüstan Azərbaycandan örnək alır.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
53
bizim.media

1Mənbələr