AZ

“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115, vəfatının 50 illiyidir.

Kulis.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb.

Sərginin açılış mərasimində ADA Universitetinin rektoru professor Hafiz Paşayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və tanınmış incəsənət xadimləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, tarixçi-alim Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən danışıblar.

Qeyd olunub ki, hələ sağlığında adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm edib və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirib. Rəssamın tablolarının koloritində hansısa aparıcı rəng üstünlük təşkil edir və onun köməyi ilə çox zaman əsərin aid olduğu konkret yaradıcılıq mərhələsini təyin etmək mümkündür. Sərginin ekspozisiyasında yer alan əsərlər də məhz bu prinsip əsasında təqdim olunur.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək.

Seçilən
30
6
kulis.az

7Mənbələr