Özbəkistan strateji tərəfdaş kimi qardaş Azərbaycanın böyük uğurlarına sonsuz sevinir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
"Dörd il əvvəl öz xalqının Sizin kimi sadiq oğlu, dahi, vətənpərvər, mahir siyasi xadim və görkəmli şəxsiyyətin rəhbərliyi ilə ölkənizin ərazi bütövlüyü tamamilə bərpa edildi və tarixi ədalət bərqərar oldu.
Azərbaycanın azad edilmiş şəhər və kəndlərində bu gün genişmiqyaslı bərpa işləri aparılır, müasir infrastruktur obyektləri və mədəni irs məkanları yenidən qurulur, minlərlə keçmiş məcburi köçkün vətəndaş doğma yurdlarına qayıdır, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş yeni proqramlar və iqtisadi-sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.
Bu böyük dəyişikliklərə bir neçə dəfə şahid olmaqdan qürur duydum və rəsmi səfərlərim zamanı Sizinlə bu nailiyyətləri paylaşdım. Şübhəsiz ki, biz ortaq dil, tarix, adət-ənənələr və ümumi məqsədlərimizə sadiq qalaraq birgə işləyirik və strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik", - məktubda bildirilir.