AZ

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqladı

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təşkil edəcəyi tədbirləri açıqlayıb.

Teleqraf.com EBRD-yə istinadən xəbər verir ki, COP29 konfransının ilk günündə EBRD, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı və Dünya Bankı Qrupu kimi çoxtərəfli inkişaf bankları (MDB) ilə birgə “Tərəqqi naminə tərəfdaşlıq: MDBs və müştərilərin 6-cı maddənin təşviqi və karbon bazarının inkişafı üzrə əməkdaşlığı” adlı tədbir keçirəcək. Bu sessiyada əsas maraqlı tərəflər çoxtərəfli inkişaf banklarının müştərilərə beynəlxalq karbon bazarlarında əməkdaşlıq vasitəsilə necə dəstək verdiyini müzakirə edəcəklər.

Noyabrın 13-də isə EBRD digər çoxtərəfli inkişaf bankları ilə birgə “İqlim Nəticələrinin Ölçülməsi: MDB-lərin Ümumi İndikatorları” mövzusunda sessiya təşkil edəcək. Tədbir iştirakçıları inkişaf banklarının nəticələri necə ölçdüyünü, hesabat metodlarını və ümumi göstəricilər barədə məlumat verəcəklər.

Noyabrın 14-də EBRD Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birlikdə “Afrikada Enerji Səmərəliliyinin Artırılması: Sıfır Emissiyalı Gələcək üçün Strategiyalar və Tərəfdaşlıqlar” adlı tədbir təşkil edəcək. Bu sessiyada inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Afrikada enerji səmərəliliyi təşəbbüslərinin maliyyələşdirilməsi məsələləri müzakirə olunacaq.

Noyabrın 15-də EBRD-nin təşəbbüsü ilə üç tədbir keçiriləcək. Birinci tədbir “Maliyyə sistemlərinin yaşıllaşdırılması: Çağırışlar, dərslər və irəliləyiş” mövzusunda təşkil olunacaq və burada iqtisadiyyatların dekarbonizasiyasında maliyyə sistemlərinin rolu müzakirə ediləcək.

Həmin gün EBRD digər çoxtərəfli inkişaf bankları ilə birgə “İqlim Fəaliyyəti üçün Ölkə Platformaları: Ümumi Anlaşma və İrəliləyiş” mövzusunda ikinci tədbir keçirəcək. Bu tədbirdə iqlim fəaliyyətinə dair ölkə platformalarının əsas prinsipləri və nailiyyətləri müzakirə olunacaq.

Noyabrın 15-də keçiriləcək üçüncü tədbir EBRD, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Qazaxıstan tərəfindən “İqlim Fəaliyyəti üçün Səfərbərlik: Ölkələr, MDB-lər və Özəl Sektorun Rolu” mövzusunda təşkil ediləcək. Tədbirdə enerji, sənaye və maliyyə sektorlarının keçidində maliyyələşdirmənin əhəmiyyəti vurğulanacaq.

COP29 çərçivəsində noyabrın 16-da isə EBRD digər çoxtərəfli inkişaf bankları ilə birgə “MDB-lərin Uzunmüddətli Strategiyalara Dəstəyi” mövzusunda tədbir keçirəcək. Bu tədbirdə uzunmüddətli strategiyaların Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) və Milli Adaptasiya Planlarına (MAP) dəstəyi müzakirə ediləcək.

Noyabrın 19-da EBRD “Ədalətli və Bərabər Keçidin İnkişafı: Çağırışlar və İrəliləyişlər” mövzusunda növbəti tədbir təşkil edəcək. Burada EBRD-nin Ədalətli Keçid Təşəbbüsü çərçivəsində əldə edilmiş ilkin nəticələr təqdim olunacaq.

Noyabrın 20-də isə EBRD və digər çoxtərəfli inkişaf bankları “Dünyada Dairəvi İqtisadiyyata İnvestisiyaların Təşviqi” mövzusunda tədbir keçirəcək. Tədbirdə Dairəvi İqtisadiyyat üzrə İşçi Qrupunun yeni hesabatı təqdim olunacaq və bankların dairəvi iqtisadiyyata dəstək istiqamətindəki fəaliyyəti üzrə nümunələr göstəriləcək.


Müəllif: Teleqraf.com
Seçilən
7
4
teleqraf.com

5Mənbələr