Çip istehsalında dünya lideri, Tayvanın "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) şirkəti ABŞ sanksiyaları səbəbindən Çinə çip tədarükünü məhdudlaşdıracaq.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb.
İxrac nəzarətlərinə riayət etmək istəyi ilə çip istehsalının dayandırılması planlaşdırılır. Məhdudiyyətlər Çində yüksək məhsuldar hesablama avadanlığı, qrafik prosessorlar və bəzi süni intellektə əsaslanan texnologiyalar inkişaf etdirən istehsalçılara təsir edəcək.
TSMC bu ilin üçüncü rübündə rekord gəlir əldə edib. Təşkilatın xalis mənfəəti 31,2% artaraq 10,06 milyard dollar təşkil edib, artım 54,2% olub. 2023-cü ildə TSMC, tarixdə ilk dəfə olaraq "Intel" və "Samsung Electronics"i qabaqlayaraq, gəlirlərinə görə dünyanın ən böyük yarımkeçirici istehsalçısı olub.
May ayında ABŞ-ın ticarət naziri Gina Raimondo konqresdə keçirilən dinləmələrdə ABŞ iqtisadiyyatının Tayvanda istehsal olunan qabaqcıl çiplərdən kritik dərəcədə asılı olduğunu bildirib.