AZ

“Neftçi” və “Fənərbaxça”nın oxşar taleləri

“Fənərbaxça”nın Avropa Liqasında “AZ Alkmaar”a məğlub olması (1:3), ertəsi gün də “Neftçi”nin hesabda iki top fərqilə irəlidə olmasına baxmayaraq, “Şamaxı” ilə heç-heçə etməsindən (2:2) sonra bu mövzuda yazmaq qərarına gəldim. Bu iki klubun azarkeşlərinin son illərdə yaşadıqları, hiss etdikləri oxşardır axı...

“Neftçi” ağ-qara rənglərinə görə Türkiyədə “Beşiktaş”a daha yaxın olsa da, nəticələrinə görə “Fənər”lə eyni taleni bölüşür. Hər ikisi tarixinə, büdcəsinə, azarkeş sayına görə ölkələrində birincilərdəndir, meydandakı göstəricilər isə məyusluqdan başqa bir şey deyil.

Son 11 mövsümdə cəmi bir dəfə Azərbaycan çempionluğunu qazanan “Neftçi” bu müddətdə beş dəfə də heç ilk üçlüyə düşə bilməyib. On ildir çempionluğa həsrət “Fənərbaxça” arada çempiondan iki-üç xal geri qalsa və ötən mövsüm hətta 99 xal toplasa da, zirvəni fəth etmək heç cür alınmır.

Avropada da işləri ürəkaçan deyil. “Fənərbaxça” ən yaxşı halda ötən mövsüm avrokuboklardan ən zəifi olan Konfrans Liqasında dörddəbir finala çıxıb, gələcək qalib “Olimpiakos”a qanqaraldıcı şəkildə məğlub olmuşdu (2:3, 1:0, pen. 2:3). İndi də Avropa Liqasında dörd turdan sonra 5 xalla 21-ci yerdədir. Müqayisə üçün xatırladaq ki, “Qalatasaray” burada 10 xalla 3-cü, “Beşiktaş” 6 xalla 18-ci, “Neftçi”nin əsas rəqibi “Qarabağ” isə 3 xalla 29-cudur.
“Neftçi”nin beynəlxalq arenadakı macəralarından isə danışmağına dəyməz. İlk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu olsa da, 2012/13 Avropa Liqasındakı uğurdan sonra cəmi iki dəfə pley-offda oynayıb, amma hər ikisində uduzaraq, nə 2014/15 Avropa Liqası, nə də 2021/22 Konfrans Liqasına çıxa bilib.

Son on ildə “Neftçi”də on dəfədən çox məşqçi dəyişikliyi olub. Axırıncı altı mövsümdə də beş əcnəbi gəlib, nə italiyalı Roberto Bordin, nə rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu, nə monteneqrolu Miodraq Bojoviç, nə də ukraynalı Roman Qriqorçuk ümidləri doğruldub.
Bu müddətdə “Fənərbaxça”da niderlandlılar Dik Advokaat, Fillip Koku və Ervin Kuman, həmçinin portuqaliyalılar Vitor Pereira (iki dəfə) və Jorje Jesus kimi məşqçilərin bacarmadığını indi də həmyerliləri Joze Mourinyo etməyə çalışır. Amma onun da işləri yaxşı getmir. Çempionlar Liqasına çıxa bilməyib, debidə evdə “Qalatasaray”a uduzub (1:3), son altı oyunda da cəmi iki qələbə qazanıblar, üstəlik qırmızı vərəqə də alıb. İndi də Mourinyonun “Nyukasl”a gedəcəyi ilə bağlı şayiələr gəzir.

“Fənərbaxça” onu sonuncu dəfə çempion edən Ersun Yanalı 2018-ci ilin dekabrında yenidən baş məşqçi vəzifəsinə gətirmiş, onunla 2018/19 mövsümündə 6-cı yeri tutmuş, 2020-ci ilin martında da yola salmışdı.
İndi də “Neftçi” 2021-ci ildə onu Azərbycan çempionu edən Samir Abasovun ümidinə qalıb. O da gələndən sonra dörd oyunda cəmi bir qələbə əldə olunub. Əlbəttə üç-dörd həftə fikir bildirmək üçün hələ tezdir. Abasovun “Neftçi”ni bataqlıqdan çıxara bilib-biməyəcəyini zaman göstərəcək. /idman.biz

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr