AZ

"Yoldaşıma dedim ki, telefonu oğluma ver, qığıltısını eşidim"

II Qarabağ müharibəsi qazisi, hazırda Kürdəxanı təcridxanasında saxlanılan vicdan məhbusu Ruslan İzzətlinin müharibə xatirələri...

IV hissə  
 
Əvvəlki birinci, ikinci üçüncü hissələr burda

Ailəmlə telefonla danışırdım. Bu zaman mayor İsgəndərov bizim bölüyün cəmləşmə yerinə gəldi və bununla da nə isə hərəkətlilik yarandığını gördüm. Düşündüm ki, yəqin, əmr gəlib və biz döyüş meydanına gedirik. Bu an sonuncu dəfə oğlumun səsini eşitmək istədim.  

Sonuncu dəfə deyirəm, çünki hər an hər şey ola bilərdi. Mən onun səsini bir daha eşitməyə, böyüdüyünü görməyə bilərdim... O zaman oğlum çox balaca idi və hələ danışmırdı. Amma yenə də yoldaşıma dedim ki, telefonu oğluma ver, telefonda da olsa, qığıltısını eşidim, nəfəsini duyum. Çünki bilirdim ki, elə bir yola giririk ki, bunun dönüşü olmaya da bilər. Yoldaşımla sağollaşdım. Dedim xəstə var, həkim çağırır, xəstənin sarğısını dəyişməliyik.  

Yoldaşıma Beyləqanda xəstəxanaların birində yaralılara kömək etmək üçün aparıldığımı demişdim. Çünki ona döyüşdəyəm deyib üzmək istəmirdim. Amma özümdən asılı olmayaraq hər danışanda ondan güclü olmağını isəyirdim. Oğlumuzun tək güvəncinin o olduğunu deyirdim. Sanki məndən asılı olmayaraq vidalaşırdım. O da hər bu haqda danışanda kövrəlir və "sən döyüş meydanındasan", - deyirdi. Ancaq mən arxada olduğumu bildirir, amma yenə də hər şeyə hazır olmasını istəyirdim...   

Bir anlıq düşündüm, mən ailəmlə vidalaşarkən onlar bu qədər acı çəkirsə, gör şəhid düşmüş dostlarımın ailələri nə haldadır. Telefonda sağollaşıb mayor İsgəndərovun yanına getdim.  

Dedi ki, hazırlaşın sizin qrup döyüşə girir. O əmrə qədər səssiz-səmirsiz duran əsgərlərin silaha necə sarıldığını gördüm. İlk işim silahımı götürmək oldu. 
 
Silahımı 2 saat əvvəl təmizləmişdim. Qazaxdan olan əsgər yoldaşım Coşqun Rəhimov səhərlər gəlib deyirdi ki, "doktor" silahlarımızı təmizləyəkmi? Biz onunla bunu adət halına gətirmişdik.  

Tibb xidməti ali təhsilli olduğum üçün dərmanları sarğıları bölükdə mənə verirdi. Mən də əsgərlər xəstələnəndə onlara dərman verir, əlləri, ayaqları yaralanda bint qoyurdum. Ona görə səfərbərliklə gələnlər və bölüyümüzün təzə əsgərləri mənə "doktor" deyirdi. Mən də hər zaman etiraz edirdim ki, "doktor" deyib 7 il tibb universitetini oxuyanların haqqına girməyək.  

Coşqunla silahımı təmizləyib tibb çantamın yanına qoymuşdum. Silahımı götürdüm, tibb çantamı başladım doldurmağa. Dedilər ki, ehtiyac yoxdur, qabaqda bint və digər tibbi ləvazimatlar olacaq.  

Dedim mənə uşaqlar deyirdi ki, yaralılara ilkin tibbi yardım lazımdır ki, qan axmadan ölüm olmasın. Çantamı götürəcəyəm. Biz hazırlaşana qədər birinci "Kamaz" şəxsi heyətini topladı, "Kamaz"ın qarşısında qrup rəhbəri kimi leytenant Əliqismət Əsədov oturdu.  

Kamazın arxasınca qaçdım, dedilər ki, ikinci "Kamaz" çıxır sən ona min. Əliqismət Əsədov o zaman mənə baxdı, dedi ki, İzzətli gəlmirsən dedim, cənab leytenant, arxanızca gəlirəm. Dedi, gəl döyüşdə qoyma ölüm. O söz mənə çox təsir etdi. Dedim ki, komutan, nə olursa, olsun gələcəyəm.  

İkinci "Kamaz"a mindim. "Kamaz" toz duman içində irəliləyərkən biz mahnı oxuyurduq. Ölümün üzərinə gülərək gedən gəncliyi o zaman gördüm... 

"Kamaz"da olanlara göz gəzdirdim. Bölüyümüzdən yalnız müddətdən artıq əsgər İbrahimli Fərid var idi. Bir neçəsi "Kamaz"a minməmişdi. O "Kamaz"a minməyənlər indi hökümətdən qazi kimi haqq tələb edir. Döyüşənlər isə bir kənarda qalıb.   

Mən döyüşə gedirik sevinci ilə çantamı hazırlayıb."Kamaz"a atlananda diqqət etməmişdim ki, bizim bölükdən kim var. 

"Kamaz"ın arxasında oturub qonşu bölüyün əsgərləri ilə yüksək səslə mahnı oxuyurduq.  Birdən kimsə arxadan səsləndi: "Doktor çantanı ya silahını ver saxlayım, ayaq üstündəsiniz sizə ağır olar". 

Çöndüm geriyə ki, bu səs hər gün birlikdə silahımızı təmizlədiyimiz əsgər Coşqun Rəhimovun səsidir.  

Təpələrin arası ilə "Kamaz" irəliləyir. Qarşı yüksəkliklərdə isə düşmən mövqeləri var. "Kamaz" sürətini artırırdı ki, düşmən minamyotuna tuş gəlməsin. 
 
Xocavənddə "Üçtəpə" deyilən əraziyə gəldik. Sonradan biləcəkdik ki, əslində, Dağlıq Qarabağın qapısı gəldiyimiz bu təpələr olacaq...

Davamı olacaq...
Seçilən
56
50
arqument.az

10Mənbələr