AZ

Dini Liderlərin Qlobal Sammiti iqlim dəyişikliyi ilə mübarizə səylərini və tolerantlıq ənənələrini birləşdirir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası ərəfəsində keçirilən tədbirlər həm də ölkəmizdə tolerantlıq mühitinin mövcud olduğunu dünyaya nümayiş etdirir. Bakıda keçirilmiş Dini Liderlərin Qlobal Sammiti bu baxımdan mühüm əhəmiyyət daşıdı. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən tədbirə dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələri qatıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramının tərəfdaş qismində çıxış etdiyi qlobal sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak etdi. 



Prezident İlham Əliyevin sammit iştirakçılarına ünvanladığı müraciətdə bir daha dünyanın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər diqqətə çatdırıldı. Bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradan bu problemlərlə mübarizə aparmaq yolunda dünya dövlətlərinin birgə əməkdaşlığının, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsinin zəruriliyi ifadə olundu. Ölkə başçısı COP tədbirlərində nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetin taleyi naminə ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirərək qeyd etdi ki, dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

İki gün davam edən tədbirin sonunda Dini Liderlərin Qlobal Sammitinin yekun sənədi olan Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə dünya ölkələri və xalqlarına təbiəti, canlıları qorumağa, iqlimi yaxşılaşdırmaq, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması üçün birləşməyə çağırış edildi. Həmçinin süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunması tövsiyə edilərək süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları barədə xəbərdarlıq olundu. Bəyannamədə ərzaq təhlükəsizliyinin təmin olunması, təbii su anbarlarının və hövzələrinin qorunması, torpağı deqradasiyaya məruz qoyan fəaliyyətlərdən çəkinmək, silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq və sülhü bərqərar etmək üçün bir çox mühüm çağırışlar əksini tapdı.

Dünya dini liderlərinin iqlim problemləri ilə mübarizə naminə Bakıda bir araya gəlməsini millət vəkili Ceyhun Məmmədov Demokrat.az- açıqlamasında yüksək qiymətləndirib. Onun fikrincə, iqlimlə bağlı məsələlərin həllində dini liderlər mühüm rol oynaya bilərlər:


“Tədbirdə dünya dini liderlərinin bütün dünyanı iqlim dəyişiklikləri ilə mübarizəyə çağırması önəmli məsələdir. Dini liderlər iqlim problemlərinin həlli üçün dialoqun gücləndirilməsi yolunda səylərini artıra bilərlər. Müqəddəs kitablarda da planetimizi, təbiəti, iqlimi qorumaqla bağlı insanlara çağırışlar edilir. Buna əsaslanaraq sammitdə edilən çağırışlar Azərbaycanın qlobal proseslərə töhfə verdiyini göstərir. Dünya növbəti dəfə ölkəmizin yer üzündə baş verən proseslərə biganə qalmadığının, problemlərin həllinə yardım etdiyinin şahidi oldu. Sammitdə dünyanın nüfuzlu dini liderlərinin iştirakı və onların Azərbaycanın mövqeyini dəstəkləmələri ölkəmiz üçün vacib məna daşıyır, çünki bu sammit xüsusi ictimai və siyasi əhəmiyyətə malikdir”. 

İlahiyyatçı Tural İrfan da oxşar mövqeni bölüşür. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, iqlim dəyişikliklərinin təsirini azaltmaq üçün din amilindən istifadə etmək olar:  

“Amma dini liderlərə şərait yaradılması məsələsinə qatılmıram. Çünki dini liderlər üçün istənilən şərait var ki, maarifləndirmə aparsınlar, bəyanat versinlər və iş görsünlər. Bundan artıq nə ola bilər? Sadəcə dini liderlər müsəlmanları xurafatdan, məzhəb ixtilafından uzaqlaşdırıb elmə, tərəqqiyə yönəltməlidirlər ki, iqlim dəyişikliyinin qarışını almaq məsələsinə öz elmləri, təcrübələri, dini, mənəvi dəyərləri vasitəsi ilə töhfə versinlər. Həqiqətən dinlərin mənəvi potensialı böyükdür və bəşəriyyətin sabit və sağlam yaşamına xidmətdə rolu əvəzsizdir. Ümumbəşəri nizamın sabitliyi Allahın yaratdığı kimi qalmalıdır. Səmavi dinlər dənizlərin qurudulmasını, çayların çirkablanmasını, havanın zəhərlənməsini qadağan edir. Kütləvi qırğın silahları, hidrogen, fosfor bombalar kimi təbiətin korlanmasına səbəb olan  silahların istifadəsini dinlər qadağan edir. İqlimin dəyişməsi, əsasən, müasir istehsalatda dünya ölkələrinin bəzilərinin təbiəti korlaması ilə əlaqəlidir. İqlim dəyişmələri əsasən ağır silahların istifadəsi, kimyəvi maddələrdən istehsalat zamanı havanın, təbiətin zəhərlənməsi, meşələrin məhvi zamanı baş verir ki, İslam dini də bunlara qarşıdır”.

İlahiyyatçı bildirib ki, ən mühafizəkar və ən zəif dindar belə təbiətin, iqlimin korlanmasının əleyhinədir: 

“İslam dini isə daha güclü potensiala sahibdir. Peyğəmbərimiz buyurur ki, qiyamətin qopmasına bir gün də qalsa əlinizdəki fidanı əkin. Yəni, təbiətin, ağacların, çayların, meşələrin qorunmasına xüsusi həssaslıqla yanaşılır dinimizdə. Hətta savaşlarda İslam Peyğəmbəri əmr edərdi ki, su quyularını doldurmayın, ağacları kəsməyin, təbiəti korlamayın. İslam dinində Allahın bəşəri nizam üçün yaratdığı təbii hadisələrin məcrasını dəyişmək qadağandır. Yəni, belə şeylər Allahın işinə qarışmaq kimi qəbul edilir və böyük günah sayılır”.
T.İrfan vurğulayıb ki, İslam dininin əsas prinsiplərindən biri də ümumi, bəşəri mizanı əyilməyə qoymamaqdır:

“Quranda buyurulur ki, Allah hətta inkarçılara da ruzi verir, çünki onlar da onun bəndələridir. Təbiəti Allah təala insanlıq üçün xəlq edib. Süni vasitələrlə, müharibələrlə, nüvə silahları ilə iqlimin korlanmasına gətirib çıxaran əməllər İslam dinində ən ağır cinayət hesab olunur. Əxlaq normalarını ön planda saxlayan İslam dini nəinki təbiətin, iqlimin süni şəkildə dəyişdirilməsinə qarşı çıxır, hətta başqa fərdi şəxslərin belə atmosferi korlayan mənfi vərdişlərini haram edir. Qəzavü - qədərə iman, təbiət hadisələrinin orijinal məcrasına müdaxilə etməmək İslam dininin əqidə əsasıdır. Dini liderlər müsəlmanları düz yola aparsalar, bunun özü kifayət edir ki, dinlər də bu kimi məsələlərdə müsbət rol oynasın”.

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

Seçilən
34
1
demokrat.az

2Mənbələr