Balqabaq tumları ürəyin fəaliyyətini normallaşdırmaq, depressiya ilə mübarizə aparmaq, yuxunun keyfiyyətini yaxşılaşdırmaq, həmçinin qadınların sağlamlığını və gözəlliyini qorumaq üçün faydalı olan vitamin və mikroelementlərlə zəngin qida mənbəyidir.
Bu barədə Rusiyanın Moskva şəhəri üzrə Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə baş ştatdankənar mütəxəssisi Andrey Tyajelnikov bildirib.
Balqabaq tumunun tərkibində kalium, maqnezium və damar funksiyasını yaxşılaşdıran arginin kimi amin turşuları var. Bu tumların tərkibində maqnezium və “xoşbəxtlik hormonu” kimi tanınan serotonin mənbəyi olan L-triptofan amin turşusu da var və bu səbəbdən depressiya və yuxu problemindən əziyyət çəkdikdə kömək edə bilər. Tədqiqatlar həmçinin balqabaq tumlarının tərkibində təbii antihelmint maddə olan kukurbitinin mövcud olmasına görə onun antihelmint təsirini təsdiqləyirlər.
Balqabaq tumları dəri, saç və dırnaqların sağlam olması üçün zəruri olan A vitamini, dəmir və sink ehtiva etdiyi üçün qadınların sağlamlığı və gözəlliyi üçün də faydalıdır. Kosmetologiyada qadınlarda menopauza zamanı hormonal səviyyənin tənzimlənməsinə kömək edən təbii fitoestrogenlərlə zəngin olan balqabaq tumunun yağı çox istifadə olunur.
Bununla belə, unutmamalıyıq ki, böyüklər üçün balqabaq tumunun gündəlik dozası 100 qram, üç yaşdan yuxarı uşaqlar üçün 50 qramdan çox olmamalıdır, üç yaşdan kiçik uşaqların qida rasionuna isə balqabaq tumu əlavə etmək tövsiyə edilmir. Onu da qeyd etmək lazımdır ki, balqabaq tumları çox yağlı, kalorili qidadır, ona görə də onların istehlakı, xüsusən də artıq çəkisi olan və oturaq həyat tərzi keçirən insanlar üçün məhdudlaşdırılmalıdır.
Balqabaq tumunun tərkibi E vitamini, fosfor, sink, dəmir, kalsium, maqnezium və natrium kimi minerallarla zəngindir. Gecə yatmazdan əvvəl istehlak edildikdə hüceyrələrin bərpası funksiyalarını artırır.
***
Maqnezium bədəndəki 300-dən çox fermentin reaksiyasında mühüm rol oynayır. Bu vəzifələrə qidanın həzm edilməsi, yağ turşularının və zülalların sintezi daxildir. Eyni zamanda maqnezium əzələlər və sümüklərin sağlamlığı üçün də olduqca faydalıdır. Orqanizmdə maqnezium çatışmazlığı ürək xəstəliklərinə səbəb ola bilər. İki xörək qaşığı balqabaq tumunda 74 milliqram maqnezium var, bu da insan orqanizminin gündəlik maqnezium ehtiyacının 25 faizini ödəyir.
Balqabaq tumunun tərkibindəki yağlar maddələr mübadiləsinin düzgün işləməsini və hormon balansının saxlanmasını təmin edir, eyni zamanda uzun müddət tox saxlayır.
Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və müalicəsində mühüm rol oynayır.
Balqabaq tumunun tərkibi omeqa 3 və omeqa 6 yağları, antioksidantlar və liflə zəngindir. Bütün bu maddələrin birləşməsi qaraciyər və ürək sağlamlığına da dopinq təsiri yaradır.
Tərkibindəki lif qanda xolesterinin miqdarını azaldır. Tədqiqatlar göstərir ki, omeqa-3 yağ turşuları qan laxtalanması və ürək ritminin pozulması kimi xəstəliklərin qarşısını alır. Bu da infarkt, insulta qarşı qoruyur.
Mənbə: RİA Novosti