AZ

Azər Bağırov və Krunoslav Renduliçdən 2:2-yə şərh

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatmış oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Heç vaxt heç-heçə barədə düşünmək istəmirik. Komandada qələbə ruhunu yaşatmaq istəyirəm. Amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir.

Azarkeşlərimiz oyunlara gəlirlər. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Amma nəticə də çox önəmlidir. “Səbail”lə oyunda bir az zəif çıxış etdik, amma nəticə qazandıq. Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq və bizi sevirlər, dəstəkləyirlər.

Qarşıda fasilə var. Üstün cəhəti də ola bilər, mənfi cəhəti də. İnanıram ki, fasilə xeyrimizə işləyəcək. Oyundan-oyuna komandada döyüşkənlik artır. Bu, müsbət haldır. Fasilədən sonra çalışacağıq ki, daha yaxşı olaq”.

Azər Bağırov hakimlikdən də söz açıb: “Rəşad Əhmədov ötən mövsüm 26-cı turda cəzalandı, sonra 10 tur təyinat almadı. Yəqin ki, səbəbləri var idi. Bu gün də VAR-da Rəşad əyləşmişdi. Yaxşı bir şey gözləmirdim”.

Renduliç: “Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə matçla bağlı bunları söyləyib:

“Oyuna böyük səhvlə başladıq və qol buraxdıq. 0:1-dən sonra oyuna davam etmək çətindir. Lakin qısa müddət sonra oyunu bərabərləşdirdik və çalışdıq ki, qol vuraq. Demək olar, bəxt sayəsində qol vurduq. Hücuma keçdik, rəqibə təzyiq etdik və belə qol alındı. İkinci hissədə də daha çox hücumda oynadıq, rəqibə nisbətən yaxşı göründük. Oyunu həll etmək üçün iki 100 faizlik qol fürsətimiz oldu, amma yararlana bilmədik. Əfsuslar olsun, qol vura bilmədik və qol buraxdıq.

“Zirə” ilə oyunda da son dəqiqələrdə qol buraxmışdıq. Bu, fiziki hazırlıqla bağlı deyil. Hər dəfə bu səbəbdən qol buraxmaq gülməli olardı. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Yaxşı oynayan biz, xal itirən biz. Şərh etmək çətindir. Bu gün də yaxşı oynadıq, amma xal itirən tərəf biz oldu”.

Seçilən
25
arena.az

1Mənbələr