AZ

Bütün Azərbaycan vahid gücə - dəmir yumruğa çevrilib



"44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir. Zaman keçdikcə, İkinci Qarabağ müharibəsində rəşadətli əsgər və zabitlərimizin nümayiş etdirdikləri misilsiz fədakarlıq nümunələrinin hər anı ilə qürur duyacaq, qazanılan qələbənin miqyasını daha aydın dərk edə biləcəyik."

Bu sözləri açıqlamasında Prezident İlham Əliyevin Zəfər parkının açılışındakı nitqində yer alan fikirləri şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, torpaqlarımız 30 il ərzində işğal altında qalsa da xalqımız, ölkəmizin rəhbərliyi heç zaman bu vəziyyətlə barışmayıb, ərazi bütövlüyümüzün, suverenliyimizin və ədalətin bərqərar olması üçün bütün mümkün imkanlardan istifadə edib:

“2003-cü ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə torpaqlarımızın azad edilməsi üçün müqəddəs müharibəyə, BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə hazırlaşıb. Bu müddət ərzində Azərbaycanda Vətən uğrunda həyatından keçməyə hazır olan yeni nəsil – müstəqil Azərbaycanın azad düşüncəli, milli qeyrətli, qürurlu, bayrağını, torpağını canı qədər sevən, intellektual, fiziki cəhətdən və ruhən güclü vətəndaşları formalaşıb, onlara qələbə əzmi, döyüş ruhu, sona qədər mücadilə aparmaq qətiyyəti aşılanıb. Xalqın dövlətlə, orduyla birliyi, bütövlüyü təmin edilib, bütün Azərbaycan vahid gücə - dəmir yumruğa çevrilib”.

Prezident, Ali Baş Komandan İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlətimizin başçısı seçiləndə, andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycan nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq. Geridə qalan zaman kəsiyi deyilən hər sözün milli iradəni ifadə etdiyini və ən yüksək səviyyədə həyata keçirildiyini sübuta yetirdi. İkinci Qarabağ müharibəsinə qədər olan dövrdə, dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkəmizin iqtisadi inkişafına nail olundu, güclü ordu yaradıldı, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı, xalqımızın vahid milli ideya və bu ideyanı gerçəkləşdirə biləcək siyasi lider ətrafında sarsılmaz birliyi təmin edildi. Və nəticədə düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərdilər. Nəticədə düşmən kapitulyasiya aktının imzalamağa məcbur oldu. Bir vaxtlar Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək. Təbii ki, öz xoşu ilə yox. Əgər öz xoşlarına qalsaydı, Azərbaycan torpaqlarını viran qoyan, ərazilərimizi mina cəhənnəminə çevirən təcavüzkarlar, yurd yerlərimizdən bir addım da geriyə çəkilməyəcəkdilər. Bunu heç zaman unutmaq lazım deyil. Ermənistan heç zaman sülh tərəfdarı olmayıb. Xalqımıza düşmən kəsilən, bizi soyqırımına və digər ağır müharibə cinayətlərinə məruz qoyan qatı millətçi bir toplumun və onun bölgədə nifaq salmaq üçün alət olan dövlətinin əməllərini heç zaman unutmamalıyıq”.



Seçilən
43
aia.az

1Mənbələr