Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Medianews.az xəbər verir ki, “Çar Skiflər Azərbaycanda 30-dan artıq abidə yaradıblar” adlı buraxılışda tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Zaur Həsənov çar skiflərin Azərbaycandakı izindən söz açıb.
Onun sözlərinə görə, Azərbaycan ərazisində Skif Çarlığının silinməz izləri və böyük irsi var: “Çar Skiflər Azərbaycanda 30-dan artıq abidə yaradıblar. Skiflərə aid ən qədim döyüş silahları və alətləri Azərbaycanda tapılıb. Mingəçevir, Ağcabədi, Şəmkir və Şəkidə skiflərə aid ən qədim tapıntılar aşkar edilib. Kimmerlər, Skiflər, Hunlar Azərbaycan tarixinin ən parlaq səhifəsini təşkil edirlər. Skiflər və Hunlar Azərbaycan ərazisində yaşadığını bütün tarixi mənbələr sübut edir”
O deyib ki, Skiflərin qurduğu çarlıq İşquz adlanırdı və Azərbaycan ərazisində yerləşirdi: “Rusiya alimləri ermənilərlə birlikdə Skif tarixinin Azərbaycana aid olmadığı yalanını uydurdular. “Skif keramikası” deyilən anlayış yoxdur, rus-erməni tarixçilərinin uydurmasıdır. Mövcud olmayan Skif əmək alətləri anlayışını ortaya atıblar ki, Skiflərin tarixini Azərbaycana aid etməsinlər. Azərbaycan ərazisində Skiflərə aid 30, Qərbi Azərbaycanda 12 abidə tapılıb”.
Z.Həsənov rus və erməni tədqiqatçılarının Skif yalanları ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.