AZ

“Bunun dəyərini anlamamaq üçün elə yarımçıq olmaq lazımdır...”

Bu gün kapitulyasiya günüdür. Erməninin diz çökdüyü, ağ bayraq qaldırdığı, öz məğlubiyyəti ilə barışdığı gün!

Şuşa geri qaytarılandan sonra davam gətirə bilmədilər. Geri çəkildilər. Sənəd imzaladılar. Öhdəlik götürdülər.

Hə, bu ayrı məsələdir ki, həmin öhdəlikləri bəzən onlara "qulaqburma” üsulu ilə başa salmalı, "dəmir yumruq”la yenidən xatırlatmalı, antiterror tədbirləri ilə icra etdirməli olduq. Amma və lakin! Əsas odur, imzaladılar. Yekun etibarilə imzaladılar. Azərbaycandan qorxub, çəkinib, imzaladılar. Stol altındamı, stul altındamı, otaqdamı, zirzəmidəmi, həlhələdənmi, vəlvələdənmi, hər nədənmi, fərq etməz...– imzaladılar!

Kapitulyasiya haqda danışarkən bir də bilirsinizmi kimləri xatırlayıram? Azərbaycan siyasətinin bəzi "ağzıgöyçək” radikallarını. Hansı ki, ilk dönəmdə: "bəs Xocəvənd, Xocalı, Xankəndi noldu? Onlarsız necə olur, kapitulyasiya?” – deyərək fürsətcillik edirdilər, aranı, ortalığı qarışdırmağa, misilsiz qələbəmizə kölgə salmağa çalışırdılar.

Biz o zaman da həmin qaraguruha sözlə başa sala bilmədik ki, kapitulyasiyanın buynuzu olmur. Kapitulyasiyanın anlamı elə məhz budur: Məğlub vəziyyətdə müharibənin dayan(dırıl)ması üçün yalvarmaq, imdad diləmək, əlində qələm vasitəçi axtarmaq...

Və bir gün o müqəddəs məqam yetişdi ki....bizim sözlə başa sala bilmədiklərimizi Ali Baş Komandan onlara, belələrinə öz müdrik siyasi gedişi ilə başa saldı. Torpaqlarımızı son qarışına qədər geri qaytararaq! Bizi tam suverenliyimizə qovuşduraraq. Üstəlik, qansız-qadasız, ölümsüz, itkisiz...

Nəhayətində isə həmin anti-milli qüvvələrin əlində özləri üçün bayraq elədikləri son "silah” qaldı: rus sülhməramlıları...

Az sonra onlar da getdi və beləcə bütün suallara cavab tapıldı.

Suallara cavab da tapıldı, erməninin indiyə qədər mübhəm qalan yiyələri də, Harutunyanın Şvabe soyadında ögey qardaşı da, "araşdırmaçı” adı ilə dövlətin dərin qatına sızmağa çalışan jurnalist qiyafəli casuslar da, FETÖ-nün xəmirinə su vuran yaramazlar da, beynəlxalq nəşrlərə donos ötürən siyasi dəllallar da...

Bircə bu hakimiyyəti illər boyunca ittiham edənlər, erməninin real kapitulyasiyasını, məhvini, məğlubiyyətini "yarımçıq nəticə” adlandıranlar ortalıqda tapılmadı...Tapılmadı ki, tapılmadı. İlim-ilim itdilər. Üzr istəməkləri qalsın bir yana, söhbətin üzərinə belə gəlmədilər...

Və ona görə gəlmədilər ki, əslində yarımçıq olan icraatın, məhfumun kapitulyasiya deyil, məhz öz fəaliyyətləri, davranışları, xislətləri və düşüncələri olduğunun fərqinə vardılar.

***

10 noyabr sənədi bizə Laçını, Kəlbəcəri, Ağdamı bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıb.

Bunun dəyərini, qiymətini anlamamaq üçün zatən elə YARIMÇIQ olmaq lazımdır...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Seçilən
9
2
ulusum.az

3Mənbələr