AZ

Qlobal Cənub ölkələri borclara əsaslanmayan iqlim maliyyəsi tələb edir – YOUNGO

Bakı, TurkicWorld

Qlobal Cənub ölkələri borclara əsaslanmayan iqlim maliyyəsi tələb edir.

TurkicWorld xəbər verir ki, bunu iqlim və sosial elmlər sahəsində müstəqil tədqiqatçı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) nəzdində gənclər təşkilatı "YOUNGO"nun üzvü Aya Xurşid "USCAN: yerli xalqların COP-un ehtimal olunan nəticəsinə baxışı" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Biz COP29-da iştirak etmək üçün Bakıya dünyanın hər yerindən sadəcə müəyyən bir məbləğdə razılaşmaq üçün gəlirik. İllərdir ki, itki və zərərin ödənilməsi Fondu ilə bağlı razılıq əldə etməyə çalışırıq. Ümid edək ki, bu vəsait bərpa işlərinə, həyatın maliyyələşdirilməsinə yönəldiləcək, dağıntılara deyil. İrsimiz dağıntıların maliyyələşdirilməsi ilə əlaqəli olmasın. Burada iqlim maliyyələşdirilməsi barədə danışarkən, biz trilyonlarla vəsait tələb edirik. Biz borca əsaslanmayan, qlobal Cənub ölkələri üçün borc yükünü artırmayan iqlim maliyyələşdirilməsi tələb edirik. Bundan əlavə, iqlim maliyyələşdirilməsinin borcun silinməsi şəklində olmasını istəyirik. Bu, həqiqətən, çox vacibdir. Çünki vəd edilən 100 milyard dollar hətta keçən il də reallaşmadı və onların 63 faizi kredit şəklində təqdim edildi. Buna görə də, burada yerli xalqların nümayəndələri olaraq tələb etdiyimiz, ictimai maliyyələşmə, qrantlar olmalıdır", – o bildirib.

Onun sözlərinə görə, "yaşıl" iqlim fondu bəzən təsdiq üçün 3 il tələb edir.

"Sonu olmayan bürokratiya. Biz əslində nə tip iqlim maliyyələşdirilməsi təklif edirik? Tarixi bir məqamdayıq və qeyd etmək vacibdir ki, iqlim dəyişikliyi nağıl deyil. Zərərli sahələrin miqyasını azaltmağa başlamalıyıq. Bu yolla maliyyələşməni təmin edə bilərik. Biz post-inkişaf düşüncəsinə çağırırıq və bundan əlavə, bu, çox vacib bir məqamdır və gələcək nəsillər burada qəbul etdiyimiz qərarlardan təsirlənəcək. Bu günlər ərzində birlikdə çox çalışaq. Ümid edirəm ki, biz öhdəliklərimizi yerinə yetirəcəyik," - Aya Xurşid əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda COP29 konfransı rəsmi olaraq başlayıb. 11-22 noyabr tarixlərində davam edəcək bu tədbir dünya liderlərini, siyasətçiləri və iqlim üzrə ekspertləri iqlim dəyişmələri ilə bağlı təcili problemləri müzakirə etmək üçün bir araya gətirir. Gündəlikdə iqlim maliyyələşdirilməsi, emissiyaların azaldılması hədəfləri və qlobal əməkdaşlıq məsələləri dayanır. COP29-un nəticələri planetin gələcək iqlim strategiyasının formalaşmasına mühüm təsir göstərəcək.

Seçilən
15
2
turkic.world

3Mənbələr