AZ

İqlim konfransı Bakını dünyanın ekoloji mərkəzinə çevirib

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva ölkə mediasına müsahibəsində 29-cu iqlim konfransının yalnız bir hadisə deyil, həm də davamlı bir proses kimi diqqət çəkdiyini bildirib.

İqlim mövzusunda təşkil olunan hər bir sammitin özündən sonrakılar üçün təməl daşı rolunu oynadığını vurğulayan rezident əlaqələndiricisi sessiyanın keçirilməsində əsas məqsədin qlobal miqyasda temperaturun artım səviyyəsini +1,5C həddində məhdudlaşdırmaq, tullantıların həcmini sıfıra endirmək, habelə cəmiyyətin həssas qruplarını bu proseslərə uyğunlaşdırmaqdan ibarət olduğunu qeyd edib.

Vladanka Andreeva daha sonra deyib: “BMT-nin 29-cu iqlim sessiyasında iştirak edən bütün tərəflərin danışıqlarda üzərlərinə qlobal istiləşmə səviyyəsinin +1,5 dərəcə həddində saxlanılması üzrə iddialı öhdəlik götürəcəkləri gözlənilir. COP29-da uğur qazanılmasını bu konfransda iştirak edəcək tərəflərin cavabdehliyi və iqlim dəyişikliyinin doğurduğu fəsadların aradan qaldırılmasına yönələn məsuliyyət hissi şərtləndirir.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin sözlərinə görə, COP29 Prezidentliyi bu tədbirə həm ümumilikdə, həm də ayrı-ayrı parametrlər üzrə hazırlıq prosesində mühüm irəliləyişlər əldə edib, ölkə üzərinə ikiillik şəffaflıq hesabatının hazırlanması üzrə digər tərəflərə nümunə olmaq öhdəliyi götürüb və milli səviyyədə müəyyənləşdirilən öhdəliklərin yeni nəslinin hazırlanması prosesini başa çatdırıb.

COP29 Prezidentliyi oktyabrın əvvəlində iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, tərəflər arasında danışıqlar mətninin layihəsinin razılaşdırılması üçün Yüksək Səviyyəli Nazirlər Dialoqu və İqlim Sammitinə hazırlıq, habelə tərəflər arasında vacib məsələlər üzrə fikir ayrılıqlarının iqlim konfransına qədər aradan qaldırılmasında irəliləyişə nail olmaq məqsədilə tədbir təşkil edib.

BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilk gündən 29-cu iqlim konfransı Prezidentliyinə koordinasiyalı şəkildə dəstək göstərib. Bu kontekstdə COP29 üzrə Qlobal Hədəf Qrupu COP29 Prezidentliyinin 14 təşəbbüsündən 12-nə texniki dəstək verən 25 qurumu birləşdirib.

V.Andreeva müsahibədə qeyd edib ki, COP29 iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün əsas imkana çevriləcək. Qlobal səviyyədə temperaturun rekord həddə çatdığını, İspaniyadakı daşqınlardan ABŞ-dəki fırtınalara, habelə Hindistanda rekord səviyyədə istilərdən Braziliya və Cənubi Afrikadakı quraqlıqlaradək bütün ekstremal iqlim hadisələrinin dünyada yaşayan insanlara təsir etdiyini nəzərə alaraq demək olar ki, COP29 dövrümüzün əsas problemi ilə mübarizədə konkret qərarların verilməsi məqsədilə istər dövlət və hökumət başçılarını, istərsə də biznes və vətəndaş cəmiyyəti sahəsində fəal şəxsləri bir yerə toplayacaq.

Ölkələri təmsil edən nümayəndə heyətlərinin COP29-un gündəliyinə daxil olan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə ayrılacaq maliyyənin həcminin artırılması yolları, habelə iqlim dəyişikliyi ilə əlaqəli aktual problemlərdən çıxış yolunu tapmaq, o cümlədən iqlim dəyişikliyinə adaptasiya, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, habelə İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin davam etdirilməsi və danışıqların digər müddəaları üzrə irəliləyiş əldə etməsi üçün iki həftə vaxtı olacaq. Əslində, bu konfrans həm iqlim dəyişikliyi ilə mübarizədə milli fəaliyyət planı kimi müəyyən edilmiş və Braziliyada keçiriləcək COP30 tədbirinədək, yəni 2025-ci ilin əvvəlində təqdim olunacaq töhfələrin müzakirəsi üçün platforma rolunu oynayacaq.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi bildirib ki, əgər 29-cu iqlim konfransı planlaşdırılan məcrada davam edərsə, 1,5 dərəcəlik hədəf reallaşacaq, qlobal istiləşmənin məhdudlaşdırılması və investisiya planlarının təşviqindən asılı olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması planları gerçəkləşəcək.

 

Seçilən
45
xalqqazeti.az

1Mənbələr