AZ

Ölməz səsin əbədi həyatı

İslam Rzayev – 90

Qeyri-adi istedadı, bənzərsiz səsi, ağayana sənətkar davranışları ilə seçilən İslam Rzayev yaradıcılığı boyu muğamın klassik ifa tərzinə sadiq qalıb və bu sahədə böyük xidmətlər göstərib. Xalq musiqisinin incəliklərini dərindən duyaraq, milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub. Vəfatından 16 il keçsə də, həmişəyaşarlar sırasında yerini qoruyub saxlayan ifaçı kimi ölməzlik qazanıb.

...Vaxtilə dövlət televiziyasında bir yerdə çalışdığım mərhum şair, rejissor Hafiz Baxışın vəfatının ildönümü ilə əlaqədar veriliş hazırlayanda sədrimiz Babək Hüseynoğlunun təklifi ilə İslam Rzayevdən də müsahibə almağı planlaşdırmışdıq. Vədələşdiyimiz “İzmir” parkına çatanda sənətkarın skamyada oturub bizi gözlədiyini gördük. Gözəl bir müsahibə alındı. İlahi, insan nə qədər sadə, səmimi olarmış! Hafiz Baxışla birgə yaradıcılıq işlərinin ən incə məqamlarından sevgi ilə, həssaslıqla söhbət açdı, ən xoş xatirələrini dilə gətirdi. Söhbət zamanı təvazökarcasına vurğuladı ki, onun tanınmasında, sevilməsində Hafiz Baxışın yazdığı mahnı mətnlərinin də danılmaz rolu olub (bəlkə də o ranqda bir başqası olsaydı, deyərdi ki, şairin tanınmasında mənim ifalarımın da rolu olub). Bir də mən ona deyəndə ki, hər ikimizin anamızın adı Nabatdır, həm sevindi, həm də kövrəldi. “!941-ci ildə atam müharibəyə gedib və qayıtmayıb, bacılarımla məni anam Nabat kirpiyi ilə od götürə-götürə böyüdüb...”

Təvazökarlığına aid daha bir misal. Bacısı qızı Arzu Şəmiyeva deyirdi ki, artıq kifayət qədər tanınan sənətkar olsa da, ayrıca mənzili yox imiş. “O vaxt Sosialist Əmək Qəhrəmanı Şamama Həsənova qurultayların birində Heydər Əliyevə deyib ki, bəs İslamın evi yoxdur, kirayədə qalır. Ulu öndər təəccüblənib ki, necə ola bilər, İslamın evi olmasın? Dayım çox utancaq, abırlı adam idi. Yoxluğu heç kimə büruzə verməzdi. Kimsəyə ağız da açmazdı.

Heydər Əliyevin tapşırığı ilə dayıma ev verildi. Ovaxtkı mədəniyyət naziri Zakir Bağırov dayımı yanına çağırıb ondan soruşanda ki, evi hardan istəyirsən, demişdi, bacımgil yaşayan yerə yaxın olsun. Elə də etdilər. Nənəm Nabat, dayım, bir də dayımın arvadı Leyla həmin evdə yaşayıblar”...

Onun adı gələndə ilk növbədə “Çahargah”, “Bayatı-Kürd”, “Mahur-Hindi”, “Rast” muğam dəsgahlarının ecazkar ifası yada düşür. “Şur” dəsgahının ən zil variantını İslam Rzayev ifa edib. Özünün müəllifi olduğu “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları təravətini heç vaxt itirmir. İslam Rzayevin geniş diapazonlu, məlahətli və zəngin çalarlı səs tembri, necə deyərlər, min səsin içindən xüsusi olaraq seçilirdi.

Səsi İlahi vergisi olan İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində dünyaya göz açıb. Onun səsini ilk dəyərləndirən Seyyid Şuşinski olub. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Musiqi Texnikumunda alıb, elə Seyyid Şuşinskinin sinfində muğam dəsgahlarını mükəmməl öyrənib. O, həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan dərs alıb, sənətini təkmilləşdirib. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Qarabağ xanəndəlik məktəbinin təmsilçisi adını daim layiqincə doğruldan İslam Rzayev nadir istedadı və zəhməti sayəsində tezliklə tanınıb və dinləyicilərin məhəbbətini qazanıb. O, sələflərinin sənət ənənələrini lazımınca yaşadıb, bütün yaradıcılığı boyu muğamın klassik ifa tərzinin qorunub saxlanmasına çalışıb. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akadenmik Filarmoniyasında solistlik edib. Onun təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri olub.

İslam Rzayev pedaqoji işlə də həvəslə məşğul olub, professor kimi yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıblar. Bir vaxtlar Arif Babayev, Şövkət Ələkbərova, bir də İslam Rzayev rayonlara gedib istedadlı uşaqları seçir, Bakıya gətirirdilər. Gülüstan Əliyeva, Könül Xasıyeva və başqalarının böyük sənətə gəlmələrində İslam Rzayevin az zəhməti olmayıb. Bir də onun ansamblında solist kimi çıxış edən Baloğlan Əşrəfov İslam müəllimin tələbəsi olmasa da, diqqət və qayğısından həmişə razılıqla söz açardı. Ustad xanəndənin muğam sənətinin incəliklərini aşıladığı çoxsaylı yetirmələri beynəlxalq festivalların, müsabiqələrin qalibi adını qazanıb və bu gün də sənət yollarında böyük uğurlar əldə edirlər.

Xalq artisti İslam Rzayev dünyanın 80-ə yaxın ölkəsində Azərbaycan musiqi mədəniyyətini böyük uğurla təmsil edib və respublikamızın hüdudlarından kənarda müxtəlif səhnələrdəki çıxışları ilə milli musiqimizə geniş şöhrət qazandırıb. Elə bu xidmətlərinə görə müstəqil Azərbaycan “Şöhrət” ordeni ilə təltif edilib.

Ölməz sənətkarın həyat yolu, musiqi dünyası gənc xanəndələr nəsli üçün əsl örnək sayıla bilər. O, 2008-ci il yanvarın 26-da Bakı şəhərində vəfat edib. Fəxri xiyabandakı məzarının üstündən tər güllər əskik olmur.

Əli ƏLİYEV
XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr