AZ

Hədəflər Bakıda müəyyənləşir: Düşmənlərin gözündə də yaşıl Azərbaycan  statusunda tanınacağıq - MÜSAHİBƏ

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıvaxtı.az-a müsahibə verib. Onunla ölkə prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, bəzi ölkələrin COP29-la bağlı qərəzli boykot çağırışı və real səbəbləri, bəzi məkrli qüvvələrin Azərbaycanı karbon emissiyaya görə məqsədli şəkildə tənqid hədəfinə gtirmələri, ölkəmizin artan beynəlxalq nüfuzu və başqa məsələlər ətrafında müzakirə apardıq. 

Söhbəti təqdim edirik.

-Zahid müəllim, öncə COP29-un mahiyyəti və fəlsəfəsi haqqında danışaq. COP-u zəruri edən amillər hansılar idi?

-Bildiyiniz kimi, qlobal iqlim hərəkatı 1995-ci ildə Almaniyada start götürüb və o dövrdə seçilən əsas məram, hədəf bir tərəfdən qlobal istiləşmənin qarşısını almaq, çirklənməni durdurmaq idi. Bununla yanaşı, ayrı-ayrı ölkələrin üzərinə ciddi öhdəliklər qoymaq, qalıq yanacağını və digər qazıntı yanacaqlarını azaltmaqla alternativ enerji sferasına keçidi təmin etmək idi. Həmçinin inkşaf etmiş ölkələrin formlaşadıracağı böyük büdcə fondlarından digər üçüncü ölkələrə yardımlar göstərmək, sıfır emissiyalı texnologiyaları bərqərar etmək idi. Doğrudur, Almaniyada 29 il öncə 100 minlərlə insan bu hərəkatın əleyhinə çıxış edirdi. Onlar meydanlarda tələb edirdilər ki, bu hədəflərə nail olmaq istəyirsinizsə, o zaman daş kömürü, kimya sənayesi və başqa sahələri durdurmalı olacaqsınız. Və biz də o müəssisələrdə çalışırıq. Bu da bizim maraqlarımıza zərbədir. Baxın, buxar maşınlarını yaradan Qərb ölkələri iri sənaye müəssisələrini meydana gətirdilər. Ardınca məhz transmilli korporasiyaları da onlar formalaşdırdılar. Məgər British Petrolium, AMOKO, “Chevron” və digər korporasiyaların tarixini bilmirlər? Onların hər birinin formalaşma tarixi internet resurslarında mövcuddur. Bilirik ki, onların bir qismi 100 illərdir, neftin sənaye üsulu ilə çıxarılması ilə məşğuldurlar. 278 il müddətində neftin bu üsullarla çıxarılmasına müəlliflik, liderlik edən Azərbaycan həmin ölkələrin yaratdığı şirkətlərin dünya çapında çıxardığı neftin çox kiçik bir qisminə sahibdir. Məsələn, Norveç Şimal dənizini 100 ildən artıqdır ki, istismar etməsi fonunda özünün fonduna 1,8 trilyon dollarlıq aktiv toplayıb, onun1,2 trilyon dollarını məhz neft resurslarından əldə edib. Bu ölkənin baş naziri Yonas Qar Styore Azərbaycana gəlməkdən imtina edib. 

-Onun arqumentləri nə dərəcədə əsaslı ola bilər? 

-Əlbəttə, əsas yoxdur.  Ölkəmiz 33 ildir, müstəqilliyini qazanıb,  bu tarixdə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi hər hansı bir tədbirdə, konfransda ölkəmizi ziyarət etməyib. Zaman etibarilə BMT və onun rəhbərliyinə etirazlarımıza rəğmən hələ ki, bəşər miqyasında, ən titullu təşkilat BMT-dir. 192 ölkəni birləşdirən və onun təhlükəsizlik sisteminə dair ən azı qərarlar, qətnamələr qəbul edən ən yüksək beynəlxalq qurumdur. O, dövlətlərin birliyidir. Müasir dünyanı bunsuz təsəvvür etmək qeyri-mümkündür. Onun rəhbəri Antonio Quterreş ölkəmizə təşrif buyurub. Prezident İlham Əliyevlə birgə yüksək çinli nümayəndələri qəbul edir və dünən dövlət başçımızdan sonra da geniş bir çıxış etdi, dünyaya Bakı tribunasından səsləndi. Bu, tarixi hadisədir. İllər ərzində COP29-un müxtəlif komponentlərinə qayıdılacaq. Bundan öncə, Azərbaycan dövlətinin bu tədbiri qazanması fonunda böyük dərəcədə ölkəmizin Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra nüfuzunun yüksəlməsinin nəticəsi kimi dəyərləndirirdik və bu yanaşmada haqlı idik. Ancaq əleyhimizə olan qüvvələr özlərinin qələmə verdikləri bir sıra tezislərlə həqiqətləri göstərmək məcburiyyətində qalırdılar. Onlar deyirdilər ki, Azərbaycan beynəlxalq tədbirlər diplomatiyasında önə çıxmaqla, uzun illər Ermənistanla savaşı bu formatda aparmaqla, indi isə Vətən müharibəsinin nəticələrini daha da qorumaq, onu beynəlxalq məkanda legitimləşdirmək, Xankəndi zəfərini daha da möhkəmləndirmək naminə bu addımı atıb. Ermənistan informasiya seqmentlərinə baxsaq, kütləvi olaraq, bu tezisləri görəcəksiniz. Məhz ona görə, nəzərə alaraq ki, Azərbaycan keçmiş sovet məkanı ölkələri sırasında bu cür çox da ənənəvi olmayan tədbirə ev sahibliyi edir. Yəni iqlim diplomatiyası, iqlim gündəliyi, bunlar adətən BMT himayəsi altında keçirilir. Proses Qərbdə başlayıb. Böyük Britaniya bu hərəkatın önündə gedən dövlətdir. Belə demək mümkünsə, Qərb fenomenidir. Qərb siyasətinin nüvəsində dayanır. Bu üzdən keçmiş sovet məkanı ölkələri sırasında Azərbaycan coğrafi baxımından çox da böyük olmayan, əhali sayı 10 milyona çatan bir ölkə olaraq, önə çıxır. 

-Bunu da həzm etmirlər...

-Bəli, həzm edə bilmirlər. Siz elə düşünürsünüz ki, COP29-u boykot etməyənlərin hamısı eyni dərəcədə bizim tərəfdarımızdır və ya sevinirlər? Xeyr! Ancaq onlar hesablaşırlar. Böyük bir hissəsi Azərbaycanın bu uğuru və addımını daxilən həzm etməsə də, razılaşırlar ki, Azərbaycan regional və beynəlxalq təhlükəsizlik sisteminə töhfələr verir. 

-Ancaq məsələnin mahiyyətinə başqa olduğu halda bəzi qüvvələr bunu ayrı səmtə yöndəldirlər...

-Bu sistem yarananda ən böyük sual bud idi: Yer planetini vahid ev hesab edərək, onu necə qoruyaq? İki selsi istiləşməni aşağı salaq, 2050-ci ilə qədər buna tam nail olaq. Sıfır emissiyalı texnologiyaları gücləndirək və s. Bu fonda son 30 il ərzində Azərbaycandan neft çıxarıb, onu Avropa məkanına daşıyan, o cümlədən sənaye müəssisələrində, vətəndaşlar tərəfindən istehlak etdirən yenə də Qərb şirkətləri olub. ABŞ Kioto protokoluna qoşulmayıb. “Paris anlaşmaları”nın bir çox müddəasını qəbul etməyib. Halbuki onların üzərində mühüm öhdəlik vardı ki, onlar inkişaf etməkdə olan ölkələrə külli miqdarda vəsaitlər verəcəklər ki, həmin ölkələr yaşıl tranzitə nail olsunlar. Çin inkişaf etməkdə olan ölkə statusu ilə həmin texnologiyaları kütləvi olaraq istehsal edib, dünya bazarına çıxarmağa başlayanda ona müxtəlif şərtlərlə hücum etdilər. Taarifləri əsas gətirib, baryerlər qoydular ki, həmin avadanlıqları dünya miqyasına çıxara bilməsinlər. Çünki nef-qazın üzərində qurulmuş hökmranlıqlarını itirmək istəmirdilər. Cənab prezident bu tədbiri 120 ölkənin razılığı ilə qazanmaqla böyük diplomatik siyasi nailiyyət əldə edib. Ölkəmizin mövqeyini və  xüsusi ilə qələbəmizi beynəlxalq aləmə növbəti dəfə təqdim etmə imkanınlarını əldə etmişik. Bundan əlavə, qlobal alternativ enerji, iqlim məkanının düzəldilməsi sahələrində gündəlik məhz Bakıda müəyyənləşir. 10 illər bundan sonrakı dövrün hədəflərini də məhz Bakıda müəyyən edirik. Cənab prezidentin çıxışını tədbirdə canlı izləyən 10 minlərlə insan Azərbaycanı boykotçuların qarayaxmalarından, informasiya terrorundan, hibrid savaş elementlərində deyil, əyani olaraq görəcəklər və gördülər. Orada 3500-ə qədər media tribunası qurulmuşdu. Bilavasitə onların içərisində müxtəlif müşahidələr aparırdım. Ən çox da cənab prezidentin parlaq çıxışının fonunda reaksiyaları müşahidə edirdim. İçərisində tənqidi mülahizə və mövqelərlə gələn, Azərbaycanı geridə qalmış, dini elementlərin hökmranlığı altında təsəvvür edirdilərsə, yanıldılar. Çünki qarşılarında müasir Azərbaycanı gördülər. Cənab prezidentin qlobal mənada liderlik xüsusiyyətinin şahidi oldular.

-Ölkə başçısı dünyaya Bakıdan xüsusi mesajlar verdi...

-Dövlət rəhbərinin çıxışında bizə hücum edənlərə son dərəcə unikal 3 mühüm istiqamət üzrə tezislərlə cavablar verildi. Bildirildi ki, bir tərəfdən Avropanın enerji təhlükəsizliyində iki il əvvəlki müddət daxil, son 30 ildən artıq dövrdə həmin o təşkilatlar, dövlətlər, onların siyasətçiləri, liderləri gəlib, Bakıda xahişlər edirlər. Digər yandan bizi həmin sərvətə malik olmaqda qınamaq istəyirlər. İkinci tərəfdən Azərbaycan lideri bəyan etdi ki, biz alternativ enerjiyə keçidi başlamışıq, bunu genişləndirməkdə qərarlıyıq. Bu fonda ilin 250 günü günəşi görən, günəş enerjisini və küləyi millətin sərvətinə çevirməyə çalışan dövlətimizin rəhbəri bildirdi ki, biz həqiqətən də buna qadirik. Dövlətləri bu məsələdə iştiraka, köməyə çağırırıq. Amma heç olmasa, buna görə də bizə mane olmasınlar. Azərbaycanı yalnız neft ölkəsi, neft dövləti kimi qiymətləndirməyin özü çirkli maraqlardan qaynaqlanır. Həmin adamlar Norveçin üzərinə hücum etmirlər. Bu mənada düşünürəm ki, COP29 qlobal mənada o qüvvələrin də cavabı oldu. 

-Qarabağ məsələsində qərəzli mövqe sərgiləyən ölkələr indi də COP29-la bağlı qarayaxma kampaniyasına başlayıblar. Görünür, onlar üçün prosesin mahiyyəti önəm daşımır, sadəcə Azərbaycanın ugurları onların “gözlərinə batır”.

-Qarabağ məsələsində ərazi bütövlüyümüzün bərpasına qarşı olan qüvvələr eynən iqlim məsələsində də, beynəlxalq təhlükəsizlik sistemini böhrana salan, müharibələrə əsas müəlliflik edən, dünyaya savaşlar nəzəriyyəsi ilə baxan, milyonlarla insanın köçkünlüyünə səbəb olan ölkələrdir. Məhz o ölkələrin “hünəri” sayəsində dünyada son 5 ildə köçkünlərin sayı az qala 2 dəfə artıb, 80 milyondan 130-140 milyona gəlib, çatıb. 

-Burada günahkarlar kimdir?

-Həmin o karbon emissiyanı yaradanlar. 37 biqaton emissiyanı yaradan o ölkələrdir. Onun 12 milyardını Çin istehsal edir. 5 milyarddan yuxarısını isə Amerika. Heç olmasa, Çində adambaşına düşən nisbət aşağıdır. Çünki orada əhali sayı çoxdur. Amerika isə dünyada bu cəhətdən adambaşına istehsal olunan tullantıların miqdarına görə öncüldür. 
Üçüncü yerdə Hindistan dayanır. 3 milyard tondan artıq karbonoksidini ətraf aləmə emissiya edir.

Dördüncü yerdə Rusiya dayanır. Orada 1 milyarddan yuxarıdır, o cümlədən Yaponiya.

İlk beşlikdə olanlar dünyanın 60 faiz tullantılarına müəlliflik edirlər. Bu ölkələrin bizi ittiham etməyə ixtiyarları yoxdur. Bu mənada həmin tədbirdə ölkə rəhbərinin parlaq nitqini dövlətimizin qlobal mənada növbəti uğuru kimi qiymətləndirirəm. Hər birimiz buna sevinirik. 

-COP29 həm də Azərbaycan dövləti, xalqı, mədəniyyəti, diplomatiyası və mənəviyyatının dünyaya təqdim edilməsi üçün bir fürsət idi...

-Yaxın çevrədə dayanan insanlara söylədim ki, BMT-nin qətnamələrini həyata keçirən, bununla da əslində BMT-yə dünya çapında siyasi davranış göstərən  liderimiz bu gün o təşkilatın rəhbərini də ölkəmizə gətirdi. Quterreşin statusu elədir ki, onu azad edilmiş torpaqlara aparmaq qeyri-mümkündür. Ancaq o, Bakını gördü, ölkəmizi, onun ənənə və dəyərlərini öyrəndi. Tədbirdə seçilən bədii hissənin ssenarisinə baxdım. Bunların hamısı təbiətlə harmoniyadır. Azərbaycan xalqının mədəni və mənəvi zənginliyini, torpaq zənginliyini ortaya qoyan bir hadisə idi. Britaniya baş naziri Starmer daxil, orada Avropa ölkələri, Finlandiya və digər dövlətlərin təmsilçilərini gördüm. Onlar öz ölkələrinə dönəndə ən azı bir illik tarixdə qlobal iqlim zirvəsinin gündəliyini müzakirə edəcəklər. COP29-da Birləşmiş Ərərb Əmirliklərinin ən yüksək rəhbəri iştirak edirdi. Dövlət başçımıza xüsusi simpatiyasını ifadə etdi. Qardaş Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan qrafiki sıx olmağına rəğmən Bakıya gəldi. 10 illər bundan sonrakı dövrün strateji hədəflərinin Bakıda müəyyənləşməsi bizə imkan verəcək ki, azad Qarabağda, azad torpaqlarda yaşıl Azərbaycan quruculuğunu, bütöv ölkəmizdə bərqərar etmək üçün daha ciddi çalışaq. Gərək müəssisələr və ya kampaniyalar arasında müqavilələr bağlansın ki, cəmiyyətdə bu transformasiyalar baş tutsun. Həqiqqətən də biz hətta düşmənlərin gözündə də günəş ölkəsi, yaşıl Azərbaycan kimi bir statusla tanınaq.

Ayyət Əhməd

Seçilən
28
bakivaxti.az

1Mənbələr