AZ

"İqlim böhranına qarşı dünya birlikdə mübarizə aparmalıdır"

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Tonqa Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyində baş icraçı direktor Viliami Toalei Manudur.

O, Trend-ə açıqlamasında bildirib ki, maliyyə xeyriyyə deyil, amma qlobal bir investisiyadır.

"Artan karbon problemi fonunda 1,5 öhdəliyini qorumağa çalışırıq".

O, hazırda dünyanın bir çox nöqtəsində ekoloji fəlakətlərin baş verdiyini xatırladıb:

"Məsələn, hazırda İspaniyada sel daşqınlarından minlərlə insan əziyyət çəkir. Bundan başqa, Avstraliyada meşə yanğınlarını qeyd edə bilərəm. Bu, onu göstərir ki, iqlim dəyişikliyi və ekoloji problemlərə həm də inkişaf etmiş ölkələr məruz qalırlar. Bunun üçün bütün səyləri birlikdə səfərbər etməliyik".

"Dünyanın bizim hissəsində siklon tropik dövrü var. Hər 4 ildən bir hərarət daha da yüksəlir, quraqlıq hər 20 ildən bir daha da genişlənir, çaylarda sululuq artır. Bütün bu iqlim böhranına qarşı dünya birlikdə mübarizə aparmalıdır", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
4
5
milli.az

3Mənbələr