AZ

Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb

Bakıda Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib.

"Cebheinfo.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müqaviləni nazirin I müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, SARDA Group şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.

Sənədə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40 %-ə çatdırılması nəzərdə tutulur.

Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.

E.Əliyev layihənin əsas məqsədinin ölkəmizin ictimai nəqliyyat sistemini daha təmiz və səmərəli elektrik avtobuslarla təmin etmək və yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb. O, qeyd edib ki, layihənin icrası Azərbaycanda yaradılacaq yeni istehsal sahələrində yüksək texnologiyaların tətbiqinə şərait yaradacaq, yeni iş yerlərinin açılmasını təmin edəcək. Bildirilib ki, COP29 çərçivəsində müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha sübut edir.

Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətinə məxsus “Electrify Azerbaijan”dır.

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə yaradılacaq birgə müəssisə tərəfindən təqribən 17.1 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır.

Eyni zamanda, BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir.

1995-ci ildə yaradılmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən hesab olunur.

"Cebheinfo.az"

Seçilən
19
13
cebheinfo.az

10Mənbələr