AZ

Pakistan istehsal etdiyi enerjinin 60 faizini ekoloji cəhətdən təmiz mənbələrdən təmin etmək niyyətindədir - Baş nazir

Pakistan istehsal etdiyi enerjinin 60 faizini ekoloji cəhətdən təmiz mənbələrdən təmin etmək öhdəliyini yerinə yetirmək üçün konkret addımlar atıb.

Olaylar.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə, həmçinin, bu onillik ərzində öz avtomobillərinin 30 faizini elektrikli avtomobillərə çevirməyi planlaşdırır.

"İqlim ədaləti olmadan heç bir real davamlılıq ola bilməz və mən istəməzdim ki, digər ölkələr 2022-ci ildə Pakistanda baş verən faciə ilə üzləşsinlər. Pakistan davamlı, zəhmətkeş və məsuliyyətli bir ölkədir və biz qlobal iqlim həllərinin bir hissəsi olmaq üçün tamamilə öz öhdəliklərimizə sadiqik", - o vurğulayıb.

O qeyd edib ki, Pakistan bərpa olunan enerji sahəsində inqilab gözləyir. Keçən il Pakistan geniş əhatəli Milli Uyğunlaşma Planını təqdim edib. Bu il isə ölkə milli karbon bazarı strukturu hazırlayıb.

"Lakin biz bunu təkbaşına edə bilmərik. Pakistanın iqlim ambisiyalarını həyata keçirmək üçün beynəlxalq dəstəyə ehtiyacı var. İnkişaf etməkdə olan ölkələr 2030-cu ilə qədər cari Milli səviyyədə müəyyən edilmiş töhfələrinin yarısından azını həyata keçirmək üçün təxminən 6,8 trilyon ABŞ dollarına ehtiyac duyacaqlar. Bu, uyğunlaşma, itkilər və zərərlər üçün də keçərlidir", - Baş nazir qeyd edib.

O əlavə edib ki, iqlim maliyyələşməsi qrant şəklində olmalı və inkişaf etməkdə olan həssas ölkələrin borc yükünü artırmamalıdır.

"Nəhayət, iki il əvvəl mən yüksək səslə xəbərdarlıq etdim ki, gələcək bizim hərəkətsizliyimizi bağışlamayacaq. Bu gün mən eyni xəbərdarlığı daha böyük təcililiklə və bütün enerjimlə təkrarlayıram. Biz səbəbləri bilirik. Biz həlləri bilirik. İndi isə biz hərəkət etməyə cəsarət tapmalıyıq və tez bir zamanda hərəkət etməliyik", - o vurğulayıb.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
2
olaylar.az

3Mənbələr