Ekspert Rasim Musabəyov News365.az-a açıqlamasında COP29 Sammitində Avropa ölkələrinin geniş iştirak etməsi və tədbirin beynəlxalq əhəmiyyətindən danışıb. O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, eləcə də Britaniya, Finlandiya, Çexiya və Balkan ölkələrinin rəhbərlərinin də tədbirə qatıldığını vurğulayıb.
Ekspert qeyd edir ki, tədbirin təşkili Azərbaycanın birbaşa məsuliyyətində deyil:
"Biz heç kimi bu tədbirə xüsusi olaraq dəvət etməmişik. Bu Azərbaycan tərəfindən təşkil edilən bir toy və ya yubiley deyil. İndi bəzi dövlətlər iqlim problemlərinə həll tapmaq istədiklərini iddia edərək tədbirdə iştirak etmirlər. Ancaq bu, səmimiyyətdən çox uzaqdır."
O, bəzi ölkələrin Azərbaycanın neft-qaz ölkəsi olmasını bəhanə gətirərək tədbirə qatılmamaq istədiklərini deyib.
"Neft-qaz mövzusunda ikiüzlü yanaşmalar var"
Musabəyov, bəzi ölkələrin enerji siyasətindəki ikili standartlarına diqqət çəkir:
"Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan beş dəfə çox neft-qaz ixrac edir. Nə üçün orada bu məsələni qabartmadılar? Misirdə də eyni tədbir keçmişdi, ancaq heç bir narazılıq səslənmədi."
Ekspert bəzi Qərb dövlətlərinin ikili standartlarını pisləyir və onları daha ədalətli davranmağa çağırır.
"Azərbaycan öz məqsədlərinə doğru addımlayır"
O, Azərbaycanın iqlim məsələlərində ciddi öhdəliklər götürdüyünü və bunları yüksək səviyyədə həyata keçirdiyini bildirib:
"Azərbaycan öz məqsədlərini artıqlamasıyla yerinə yetirir. Biz neft və qaz istehsal edən ölkəyik, ancaq zərərli tullantıların qarşısını almağa çalışırıq. Avropa bizdən qaz istehsalını artırmağı tələb edir, digər tərəfdən isə qınayır."
Musabəyov, Azərbaycanın müstəqil mövqeyini qoruduğunu və xarici təzyiqlərə qarşı öz mövqeyində qətiyyətli olduğunu əlavə edib:
"Azərbaycanın öz milli maraqları var və biz bunları yüksək səviyyədə həyata keçirməyə davam edəcəyik. Tədbirdə iştirak etmək istəməyənlər özləri bilərlər. Bizim üçün vacib olan, qoyduğumuz məqsədlərə çatmaq və ətraf mühitin qorunmasıdır."