AZ

Dini liderlər COP29-da: Sülhə, insanlığa DƏSTƏK

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər. Bu gün artıq konfransın üçüncü günüdür. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, 80 prezident, vitse-prezident, baş nazir Bakıya gəlib və gəlməyə davam edirlər.

 

COP29-da dünyanın müxtəlif ölkələrinin dini liderləri də iştirak edir. Ötən gün jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir.

 

“Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir. Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir", - o qeyd edib.

 

Allahşükür Paşazadənin sözlərinə görə, Azərbaycanın dini liderləri atəşkəs çağırışını dəstəkləyir “Mən elə bilirəm ki, atəşkəsin elan olunması mühüm məsələdir. Bu bir daha göstərir ki, Azərbaycan sülh istəyir. Sülhməramlıdır. Ona görə də, dünyada sülhün bərqərar olmağını istəyir".

 

Maraqlıdır, dini liderlərin belə tədbirdə iştirak etməsi nə anlam daşıyır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsin sədri Fazil Mustafa bildirib ki, COP29 kimi tədbirlərində əslində elə dini liderlərin iştirak etməsi vacibdir:

 

"Çünki onlar bəlli topluma hansısa mesajlar verə bilər, onların müəyyən dərəcədə daha çox bu mövzuya yönəlməsini təmin edə bilərlər. Bu insanlıq naminə humanitar aksiyadır. Burada da demək olar ki, müxtəlif dinlərin təmsilçilərinin cəmiyyət üzərində nüfuzu yüksəkdir. Elə cəmiyyətlər var ki, daha çox dini cəmiyyətlərdir. Burada da nüfuzlu din xadimlərinin təsir imkanları genişdir. O baxımdan hesab edirəm ki, təəccüblü heç nə yoxdur. Əksinə, bu tendensiyanın genişlənməsi yaxşıdır. Azərbaycanda da şeyxülislam Allahşükür Paşazadə xüsusi tədbir keçirdi və bütün dinlərin iqlim dəyişikliyinə, ekologiyaya münasibətində verdiyi mesajların vacibliyi vurğulandı. Bakıda çox yüksək səviyyəli tədbir keçirildi, orada Baş nazir iştirak etdi, Allahşükür Paşazadə çıxış etdi".

Komitə sədri vurğulayıb ki, COP29-un bütün kateqoriyadan insanlar tərəfindən dəstəklənməsinə çalışmaq lazımdır:

 

"Çalışmalıyıq ki, tendensiya bütün kateqoriyadan olan insanlar tərəfindən dəstəklənsin. İdman cameəsinin aparıcı adamlarından biri olan Ronaldinyo Azərbaycana gəlib. Bu da bir təbliğatdır. Mövzuya diqqət çəkmək üçün hansı vasitə varsa, ondan sağlam şəkildə istifadə edilməlidir. COP29-un da mahiyyəti bundan ibarətdir.Çünki bu, sadəcə siyasətçilərin həll edəcəyi məsələ deyil. Siyasilər qərar verə bilərlər, lakin cəmiyyətlərin bu qərarların həyata keçməsində rolu çox önəmlidir".

Seçilən
5
1
modern.az

10Mənbələr