AZ

CGB rəhbəri Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması halında Azərbaycanın rolunu vurğulayır

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru ICGB-nin baş direktoru Teodora Georgieva, COP29 sammitinin kulislərində jurnalistlərlə söhbətində, Rusiya qazının Ukrayna vasitəsilə tədarükünün dayandırılma ehtimalı fonunda Azərbaycanın və digər qaz tədarükçülərinin Avropa İttifaqı üçün kritik rolunu vurğuladı.

“Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitinin 2025-ci ilin yanvarında sona çatma ehtimalı, Şaquli Qaz Dəhlizinin əhəmiyyətini artırır,” - deyə Georgieva qeyd etdi.

Georgieva bildirdi ki, hazırda ICGB şirkəti, Yunanıstandan başlayan Şaquli Qaz Dəhlizinə qoşulmaqla, IGB boru kəmərinin ötürmə gücünü illik 5 milyard kubmetrə qədər artırmaq üzərində işləyir.

“Biz hazırda IGB-nin genişləndirilməsinə diqqət yetiririk, çünki bu kəmər təkcə Cənub Qaz Dəhlizinin (TAP) seqmenti ilə deyil, həm də Şaquli Qaz Dəhlizi ilə əlaqəlidir. 1 oktyabr 2024-cü ildən etibarən Aleksandrupolis LNG terminalı istismara verilib. Bu baxımdan, IGB-nin ötürmə gücünü 3-dən 5 milyard kubmetrə qədər genişləndirmək üçün böyük potensial görürük. Bundan əlavə, cari ilin sonunda Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin dayandırılması riski, Şaquli Qaz Dəhlizi ilə birlikdə Cənub Qaz Dəhlizinin də əhəmiyyətini artırır,” - deyə Georgieva bildirdi.

Lakin Georgieva Avropa İttifaqının maliyyə dəstəyinin olmamasından təəssüfləndiyini, Aİ-nin karbohidrogen layihələrini subsidiyalaşdırmadığını vurğuladı.

“Bu, qarşımızda duran bəzi maneələrdir, lakin düşünürəm ki, Şaquli Qaz Dəhlizinin digər tərəfdaşları ilə birlikdə bunların öhdəsindən gələcəyik,” - o qeyd etdi.

Georgieva həmçinin Azərbaycanın Bolqarıstan üçün enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynadığını vurğuladı.

“Azərbaycan çox etibarlı tərəfdaşdır. Əvvəlcə, 2020-ci ildən başlayaraq, Bolqarıstanın qaz tələbatının 30%-ə qədərini təmin edirdi, indi isə daxili istehlakın azalması ilə daha çox paya malikdir. Bolqarıstanın illik qaz istehlakının 3 milyard kubmetrdən az olduğu halda, 1 milyard kubmetr Azərbaycan tərəfindən çox münasib qiymətlə təmin edilir və biz belə etibarlı tərəfdaşımız olduğu üçün çox şadıq,” - deyə o əlavə etdi.

Seçilən
27
4
turan.az

10Mənbələr