AZ

Karbon emissiyalarını azaltmaq ilk növbədə ətraf mühit üçün vacibdir - ICESCO-nun Baş direktoru

Karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması ilk növbədə ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir. Bu, təbii resurslardan məsuliyyətlə istifadəni təşviq edir, bərpaolunan enerjidən istifadə edilməsinə dəstək verir.

Olaylar xəbər verir ki, bunu "ASAN xidmət"in təşkilatçılığı ilə Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

"Bununla yanaşı, təmiz istehsal texnologiyalarının inkişafı da gündəmdədir. Təəssüf ki, vaxtımız məhduddur. Ancaq ətraf mühitin qorunmasına yönəlmiş qanunların tətbiqi, zərərli təcrübələrin qarşısının alınması və beynəlxalq razılaşmalara riayət etmək üçün səylər göstərməliyik", - deyə Baş direktor bildirib.

O deyib ki, ICESCO həmçinin üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin olunması üçün proqramlar hazırlayır. "Yaşıl şəhərlər" proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir.

"Müstəqil monitorinq və tədqiqatlar vasitəsilə bu prosesə nəzarət edirik. Bu istiqamətdə tədbirlər, araşdırmalar və idarəetmə mexanizmləri tətbiq olunur.

Eyni zamanda, İslam ölkələri üçün iqtisadi və ekoloji liderlik yolunda yaşıl iqtisadiyyat modelini inkişaf etdirmək üçün birgə işləməyin vacibliyini başa düşürük. Gələcək nəsillərin rifahı üçün bu istiqamətdə əməkdaşlıq etməliyik", - deyə Salim bin Məhəmməd əl-Malik fikirlərinə yekun vurub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
7
olaylar.az

9Mənbələr