COP29 çərçivəsində “Transformativ iqlim fəaliyyəti: maliyyə axınlarından diqqətin Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə çevrilməsi” mövzusunda dəyirmi masa keçirilir.
Fins.az xəbər verir ki, tədbirin əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirilməsinə Çoxtərəfli İnkişaf Banklarının (ÇİB) rolunun müzakirəsidir. Tədbir, COP29 Prezidentliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə baş tutur.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-də açılıb.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib.
Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbir olan COP29, noyabrın 22-dək Bakı Stadionunda davam edəcək və bu, regionda ilk dəfə olaraq ölkəmizdə keçirilir.
COP29-un əsas məqsədi iqlim maliyyələşdirilməsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
COP29 Sədrliyi, iqlim fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni vurğulayan 14 təşəbbüs irəli sürüb. Bu təşəbbüslər arasında yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması və yaşıl rəqəmsal fəaliyyət kimi mövzular var.
İqlim maliyyəsinin təmin edilməsi əsas prioritetdir və bu, 1,5°C hədəfinə çatmaq üçün qlobal səyləri birləşdirəcək.